Azərbaycan və Rusiya arasında imzalanan Əməkdaşlıq Planına əsasən müasir silahlar alınacaq

Bu gün Azərbaycan və Rusiya Federasiyasının Müdafiə nazirlikləri arasında 2015-ci il üçün Əməkdaşlıq Planı imzalanıb.
Trend xəbər verir ki, sənəd Rusiya Federasiyasının müdafiə naziri ordu generalı Sergey Şoyqunun Azərbaycana rəsmi səfəri çərçivəsində Azərbaycanın Müdafiə Nazirliyində imzalanıb.
Sənədi Azərbaycan və Rusiyanın müdafiə nazirləri Zakir Həsənov və S.Şoyqu imzlayıblar.
Z.Həsənov imzalanma mərasimində deyib ki, sənəddə hərbi-texniki əməkdaşlıq, birgə hərbi təlimlərin keçirilməsi və müdafiə sahəsində ixtisaslı kadrların hazırlanması nəzərdə tutulub.
Plana əsasən, Azərbaycan hərbçiləri 2015-ci ildə ixtisaslarını artırmaq üçün Rusiyanın hərbi məktəblərində təhsil almağa, Rusiya Silahlı Qüvvələrinin nümayəndələri isə Azərbaycanın müvafiq təhsil müəssisələrinə göndəriləcək.
Z.Həsənov qeyd edib ki, planda regional təhlükəsizliyə, xüsusilə Xəzər dənizində təhlükəsizliyə xüsusi diqqət ayrılıb: "Plana əsasən, gələ il iki ölkənin Hərbi Dəniz Qüvvələri arasında birgə hərbi - komanda-qərargah və strateji təlimlər keçiriləcək".
Onun sözlərinə görə, ordunun silahla təchizatı üzrə dövlət proqramına uyğun olaraq bu planda Azərbaycanın Rusiya istehsallı müasir hərbi silahlar alması nəzərdə tutulur.
S.Şoyqu dəvətə görə azərbaycanlı həmkarına təşəkkür edib və bildirib ki, hazırda iki ölkə arasında bütün sahələrdə, o cümlədən hərbi iş sahəsində çox güclü əməkdaşlıq qurulub: "Həştərxan və Minskdə yüksək səviyyədə keçirilmiş görüşlər bunu təsdiq edir".
Rusiyalı nazir ümid etdiyini bildirib ki, gələcəkdə də əməkdaşlıq səmərəli olacaq və imzalanmış plan bu əməkdaşlığın əsasını təşkil edəcək.
Görüşdə, həmçinin İraq, Suriya və Ukraynadakı mövcud vəziyyətlə bağlı fikir mübadiləsi aparılıb.
Şərhlər
Siyasət bölməsinin xəbərləri