AVRO-2016: Serbiya – Albaniya matçı azarkeşlərin davranışı səbəbindən yarımçıq dayandırılıb

AVRO-2016-nın seçmə mərhələsində üz-üzə gələn Serbiya – Albaniya matçı yarımçıq dayandırılıb. APA-nın verdiyi xəbərə görə, Belqrad şəhərində Bakı vaxtı ilə 23:45-əd start verən görüş 41 dəqiqə oynanılıb.

Buna səbəb isə stadiona toplaşan azarkeşlərin davranışı olub.

Belə ki, UEFA-nın da ən təhlükəli oyunu adlandırdığı qarşılaşmanın ilk yarısının sonunda rəqib komandanın fanatları helikopterlə ölkələrinin bayrağını meydana endiriblər. Daha sonra ev sahiblərinin futbolçusu bayrağı qopartmağa çalışıb. Bu zaman alban və serb oyunçuları arasında gərgin anlar yaşanıb. Serbiyalı fanatlar isə meydana yanan maddələr ataraq, Albaniyadan olan futbolçuları döyməyə çalışıb.

Buna görə də görüşün İngiltərədən olan baş hakimi Martin Atkinson matçı dayandırıb.

Qeyd edək ki, yarımçıq dayandırılan oyunda hesab açılmayıb. Albaniya yığmasının heyətində “Qarabağ”ın sol cinah müdafiəçisi Ansi Aqolli də meydana çıxıb. Gərgin keçən matçın 34-cü dəqiqəsində Ağdam klubunun futbolçusu sarı vərəqə ilə cəzalandırılıb.

Xatırladaq ki, Kosova məsələsi üzündən serblərlə albanlar arasında gərgiqlik uzun illərdi davam edir. Bunun üçün də UEFA Belqrada qonaq azarkeşlərin gəlməsinə qadağa qoyub. Lakin minlərlə alban Serbiyanın paytaxtına yollanıb. Matçın başlama saatından əvvəl şəhərdə bir neçə toqquşma baş verib. Polis Belqradı tamamilə nəzarətə götürmüşdü.
Şərhlər
İdman bölməsinin xəbərləri