Azərbaycanın Rusiyadakı səfiri: “Həmsədr ölkələr regionda yeni müharibə istəmirlərsə, Ermənistana daha fəal şəkildə təzyiq göstərməlidirlər”
- 19.10.2014, 00:50,
- Siyasət
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
“Həmsədr ölkələr, xüsusən də Rusiya regionda yeni müharibə istəmirlərsə, Ermənistana daha fəal şəkildə təzyiq göstərməlidirlər ki, Azərbaycan bu məcburiyyət qarşısında qalmasın”.
APA-nın AzərTAc-a istinadən verdiyi məlumata görə, bunu Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu Rusiya İctimai Palatasında Azərbaycanın Dövlət Müstəqilliyi Günü ilə bağlı keçirilən dəyirmi masada söyləyib.
P. Bülbüloğlu qeyd edib ki, haqq-ədalət öz yerini tapmalıdır: “Mən özüm Qarabağlıyam, Şuşalıyam. Orada mənim atamın məzarı var. 14 yaşlı oğlumu bir dəfə də olsun babasının məzarına apara bilməmişəm. Sizcə, bu normaldırmı? Bu, yüz minlərlə insanların böyük faciəsidir. Buna son qoyulmalı, azərbaycanlılar doğma yurd-yuvalarına qayıtmalıdırlar. BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi var ki, Ermənistan silahlı qüvvələrinin Azərbaycan torpaqlarından çıxarılmasını tələb edir. Biz nə vaxta kimi Ermənistanın bu tələblərə məhəl qoymamasını sakit şəkildə müşahidə edəcəyik? Müharibə, əlbəttə ki, böyük faciədir. Lakin müharibə məcburiyyət olanda qaçılmaz olur”.
P. Bülbüloğlu bildirib ki, Azərbaycan müharibə tərəfdarı olmadığını uzun illərdir sülh danışıqları aparmaqla sübut edib: “Biz qan tökülməsini istəmirik, biz münaqişənin sülh yolu ilə, beynəlxalq hüquq çərçivəsində ədalətli həllini istəyirik. Bu, bizim ən böyük güzəştimizdir. Heç bir prezident və heç bir xalq özünün bir qarış torpağını belə güzəştə getməz. Bu, mümkünsüzdür. Bunu Azərbaycandan da gözləməyin. Biz Rusiyanın vasitəçilik rolunu və potensialını yüksək dəyərləndiririk, bu səbəbdən də sülhün bərqərar olması naminə Rusiyadan da vasitəçi kimi konkret addımlar atmasını gözləyirik”.
Tədbirdə çıxış edən Rusiya Dövlət Dumasının deputatı Dmitri Savelyev isə Dağlıq Qarabağ münaqişəsindən söz açaraq deyib ki, Ermənistan silahlı qüvvələri işğal etdiyi Azərbaycan torpaqlarını tərk etməlidir: “Rəsmi İrəvan anlamalıdır ki, münaqişənin ədalətli həlli həm də Ermənistanın xilası deməkdir”.