Aida Mahmudova “YARAT” Müasir İncəsənət Mərkəzini açacaq

"Gələn il “YARAT” Müasir İncəsənət Mərkəzini açmağı və Azərbaycanın müasir incəsənəti ilə bağlı çoxsaylı tədbirlərin keçirilməsini planlaşdırırıq."

Bu sözləri Azərbaycan Milli İncəsənət Muzeyində keçirilən “YARAT” Müasir İncəsənət Məkanının “Təcavüz. Muzey 2014” layihəsinin yekun sərgilər silsiləsində təşkilatın təsisçisi Aida Mahmudova jurnalistlərə müsahibəsində deyib.

A.Mahmudova bildirib ki, bu gün çox əlamətdar gündür. Biz Azərbaycanda müasir incəsənətin inkişafına və rəssamlara dəstək məqsədilə 2011-ci ildə təşkil olunmuş “YARAT”ın 3 illiyini qeyd etməklə bərabər, həmçinin 31 gənc rəssamın sərgisini də açırıq. Sərgilənən əsərlər rəssamların muzey məkanlarını və ekspozisiyalarını altı aylıq tədqiqatlarının nəticəsidir. Gənc rəssamlar bu gün öz yaradıcılıqlarının vizual interpretasiyalarını təqdim edirlər. Bu sərgi ARTIM proqramının köməyi ilə reallaşıb. ARTIM proqramı mühüm missiyanı yerinə yetirir və gənc rəssamların dəstəklənməsində, onların inkişafında əsas elementlərdən biridir. Bu proqram vasitəsilə hər il “açıq qapı” günləri keçirilir.

“Biz, həmçinin gənc istedadların daha çox öyrənmələrinə, onların müxtəlif sferalarda özlərini göstərmələrinə, daha inamlı olmalarına dəstək verən təhsil proqramımızı da genişləndiririk. Eyni zamanda, gələcəkdə digər təhsil proqramlarımızı da inkişaf etdirməyi planlaşdırırıq”, - deyə A.Mahmudova qeyd edib.
Şərhlər
Mədəniyyət bölməsinin xəbərləri