Azərbaycan gömrük orqanları “Ebola” virusunun yayılmaması ilə əlaqədar gücləndirilmiş iş rejiminə keçib
- 21.10.2014, 19:33,
- Cəmiyyət
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Son zamanlar bəzi ölkələrdə “Ebola” virusunun yayılması ilə əlaqədar olaraq Azərbaycan gömrük orqanları tərəfindən aparılan sanitariya-karantin nəzarəti gücləndirilib, dövlət sərhədinin buraxılış məntəqələrində çalışan əməkdaşlar üçün aidiyyəti dövlət orqanları ilə birgə xüsusi seminarlar keçirilib.
Bu barədə APA-ya Azərbaycan Dövlət Gömrük Komitəsindən məlumat verilib.
Belə ki, xəstəlik qeydə alınan ölkələrdən gələn şəxslərin dövlət sərhədinin buraxılış məntəqələrində müəyyən olunması məqsədilə gömrük orqanları tərəfindən aidiyyəti dövlət orqanları ilə məlumat mübadiləsi, o cümlədən bu cür şəxslər qeydə alındıqda onların ölkə daxilində nəzarətə alınması üçün müvafiq səhiyyə təşkilatlarının məlumatlandırılması işləri təşkil olunub.
Eyni zamanda, “Ebola” virusuna qarşı tədbirlərin gücləndirilməsi məqsədilə sərhəd buraxılış məntəqələrində əksepidemik və profilaktik, ərazilərin dezinfeksiya tədbirlərinin, o cümlədən sərhəddən keçən şəxslər üzərində tibbi müşahidənin və sorğu-sualın aparılması haqqında müvafiq işlər həyata keçirilib.
Görülən tədbirlər çərçivəsində insan bədəninin hərarətinin məsafədən ölçülməsinə imkan verən texniki vasitələrdən - termovizor kameralardan geniş istifadə olunur. Bununla yanaşı, sərhəddən keçən şəxslərin ebola virusu haqda məlumatlılıq səviyyəsinin artırılması məqsədilə Azərbaycan Səhiyyə Nazirliyinin Sanitariya-karantin müfəttişliyi tərəfindən hazırlanmış “Diqqət! Ebola qızdırması” adlı yaddaş bukletlərinin də dövlət sərhədinin buraxılış məntəqələrində yerləşdirilməsi təmin edilib.