Kanada parlamentinə silahlı hücum olub, ölən və yaralanan var

Ottavada silahlı insident nəticəsində yaralanan fəxri qarovul əsgəri vəfat edib.

APA-nın “RİA Novosti”-yə istinadən verdiyi xəbərə görə, bu barədə New York Times qəzeti polisə istinadla məlumat yayıb.

Ottava polisi atışmada şübhəli bilinən bir neçə nəfərin olduğunu qeyd edib, onlar barəsində hazırda axtarış- əməliyyat tədbirləri həyata keçirilir. Polis vətəndaşlara pəncərəyə və parlamentin binasına yaxınlaşmamağı tövsiyə edib.

Qeyd edək ki, atışma Ottavada eyni vaxtda bir neçə yerdə baş verib. Ottava polisi şəhərdə azı üç silahlı insidentin olduğunu təsdiqləyib.

Polisin məlumatına əsasən, atışma parlamentin binasında, Milli hərbi memorialın yaxınlığında və “Rideau Centre” Ticarət Mərkəzində törədilib.

Son məlumata görə, Ottavanın mərkəzində silsilə atışma nəticəsində daha 2 nəfərin yaralanıb. “CBC” telekanalı xəstəxanaya 2 yaralının gətirildiyini qeyd edib.

İnsidentlərin təfərrüatları hələlik açıqlanmır.

****

Kanadanın paytaxtı Ottavada naməlum silahlı şəxs parlamentin qarşısındakı Milli hərbi memorialın yaxınlığında atəş açıb, sonra isə qaçaraq parlamentin binasına daxil olub. APA-nın “BBC”-yə istinadən verdiyi xəbərə görə, binaya daxil olan cinayətkar burada təxminən 30 dəfə atəş açıb.

Son məlumata görə, silahlı şəxs artıq öldürülüb. Atışma zamanı hərbçilərdən birinin yaralandığı bildirilir.

Ölkənin baş naziri Stiven Xarper dərhal parlamentdən təxliyə edilib.

Qeyd edək ki, ötən gün Kanada hakimiyyəti ölkədə terror təhlükəsinin səviyyəsini “aşağı”-dan “orta”-ya dəyişib.
Şərhlər
Dünya bölməsinin xəbərləri