“Qalatasaray” İH-nin üzvü: "Əsas hədəf bu mövsümdə dördüncü ulduzu taxmaqdır"
- 26.10.2014, 15:23,
- Idman
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Türkiyənin Qalatasaray klubunun 25 oktyabrda keçirilmiş qurutayında 77 yaşlı professor Duyğun Yarsuvat klubun başqanı seçilib.
APA-nın xəbərinə görə, səslərin sayılması gecə yarısı başa çatıb. Nəticəyə görə, professor Duyğun Yarsuvat 1777, rəqibi, 1990-96-cı illərdə klubun başqanı olmuş Alp Yalman isə 1566 səs alıb.
Nəticələrin açıqlanmasından sonra çıxış edən yeni başqanı Duyğun Yarsuvat, “Bu, Qalatasaray ictimaiyyəti içində bir seçkidir. Əsasında bizim bir-birimizdən fərqimiz yoxdur. Çünki biz qalatasaraylıyıq. Əziz qardaşım Alp Yalman seçilsəydi, mən ona işlərində kömək edəcəkdim. Mən seçildiyimə görə, Alp Yalmanın mənə kömək edəcəyinə şübhəm yoxdur” deyib.
D. Yarsuvatın başqan olduğu İdarə Heyətinin üzvlərindən olan Ural Aküzüm APA-ya açıqlamasında bildirib ki, Ünal Aysal öz layihələrini həyata keçirə bilməyəcəyini səbəb göstərərək başqanlıqdan istefa verib: “Professor Duyğun Yarsuvat namizədliyini elan edərkən əsas hədəfi bu mövsümdə dördüncü ulduzu taxmaq olub. Bunu həyata keçirmək Əbdürrəhim Albayrakı İdarə Heyətinə daxil etdi, Əli Dürüst isə Sportif A.Ş.-nin başında duracaq və hər iki şəxs bu il dördüncü ulduzu taxmağımız üçün futbol komandamızla ən yaxın şəkildə çalışacaq”.
Özünün Azərbaycan mənşəli olduğunu, əslən gəncəli olduğunu deyən U. Aküzüm bildirib ki, klub tarixində ilk dəfə Azərbaycan mənşəli bir şəxs İdarə Heyətinə seçilir: “Bu, mənim üçün böyük qürurdur. Qalatasaray klubunun Azərbaycanda milyonlarla tərəfdarı olduğunu bilirəm, onların hamısına salam və sevgilərimi göndərirəm”.
Qeyd edək ki, Qalatasaray klubunun başqanı Duyğun Yarsuvat 1937-ci ildə İstanbulda anadan olub. Qalatasaray litseyindən sonra İstanbul Universitetinin hüquq fakültəsini bitirib. Cəza hüququ sahəsində mütəxəssis olan Duyğun Yarsuvat 1983-cü ildə professor elmi dərəcəsi alıb. ABŞ və Avropanın universitetlərində elmi araşdırmalar aparıb, dərs deyib. 2004-2008-ci illərdə Qalatasaray universitetinin rektoru vəzifəsini icra edib, uzun illər klubun Divan başqanı olub. O, “Yarsuvat” hüquq bürosunun da sahibidir.