Ramil Usubov polis olmaq istəyən 7 qızın sənədlərinin hazırlanması üçün tapşırıq verib
- 26.10.2014, 15:29,
- Cəmiyyət
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Azərbaycanın daxili işlər naziri, general-polkovnik Ramil Usubov oktyabrın 25-də Gəncə şəhərində növbəti qəbul keçirib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, şəhər Baş Polis İdarəsində Gəncə, Göygöl, Kəlbəcər, Samux, Şəmkir, Ağstafa, Tovuz, Gədəbəy, Qazax, Daşkəsən şəhər və rayonlarından olan sakinlərin, eyni zamanda, bölgədə məskunlaşmış qaçqın və məcburi köçkünlərin bir qrupunu qəbul edən nazir onların müraciətlərini dinləyib, qaldırılan məsələlərin operativ şəkildə həlli üçün konkret tapşırıqlar verib.
Müraciətlərin böyük əksəriyyəti qanunvericiliyə uyğun şəkildə elə yerindəcə öz həllini tapıb. Polis fəaliyyətinə aid olmayan ərizələrin isə baxılması üçün aidiyyəti dövlət orqanlarına göndəriləcəyi nəzərə çatdırılıb.
Kütləvi informasiya vasitələrində öncədən verilmiş elanlara uyğun olaraq, sözügedən rayonlarda yaşayan, polisin sıravi və kiçik rəis heyəti vəzifələrində xidmət etmək arzusunda olan 338 nəfər də qəbulda iştirak edib. Daxili işlər naziri R.Usubov onların arasından xidmətə daha yararlı və hazırlıqlı olan 76 gəncin, o cümlədən 7 qızın sənədlərinin hazırlanması üçün Baş Kadrlar İdarəsinin rəhbərliyinə müvafiq tapşırıq verib.
Qəbulda iştirak edən vətəndaşlar ölkə Prezidenti cənab İlham Əliyevin mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərlərinə yerlərdə vətəndaşlarla görüşmələri, müraciətlərinə, ərizə və şikayətlərinə operativ və xüsusi həssaslıqla yanaşmaları barədə məlum tapşırığının yüksək səviyyədə icrasına, onların problemlərinə hər zaman xüsusi diqqət və qayğı göstərilməsinə görə dövlət başçısına minnətdarlıqlarını bildiriblər.