Əli Laricani Suriya məsələsində Türkiyəni sərt tənqid edib

Əli Laricani Suriya məsələsində Türkiyəni sərt tənqid edib İran parlamentinin sədri Əli Laricani Türkiyə xarici işlər naziri Əhməd Davudoğlunun Suriya məsələsi ilə bağlı İrana yönəlik ittihamlarına sərt münasibət bildirib.



APA-nın məlumatına görə, Ə.Laricani İran parlamentinin mayın 26-da keçirilən açıq iclasında Türkiyədən Suriya məsələsindəki səhv hesablamalarının günahını İranda görməməsini istəyib.



Spiker Türkiyə XİN rəhbərinin İran və “Hizbullah”ın Suriyada qarşıdurmada olması ilə bağlı istifadə etdiyi ifadələrin həqiqətəuyğun olmadığını söyləyib: “Türkiyə səhv hesablamalarla Suriya hakimiyyəti ilə ziddiyyət yaşadı və hazırda da yaşamaqdadır. Əgər iki il aradan sonra Suriyaya müdaxilədə olan bölgə ölkələrinin hesabları səhv çıxırsa, bunun fakturasını İran və “Hizbullah”a yükləməsinlər. Suriya məsələsi daxili bir məsələdir. Bu problemin daxildən həll edilməsi lazımdır. İran müxalif qruplara həddindən artıq silah göndərilməsinin bölgədəki atəşin daha da alovlanmasına səbəb olacağını bildirmişdi. Vəziyyəti səhv analiz edənlərin irəliyə doğru gedərək başqalarını günahlandırmaqdan imtina etməsi lazımdır. Bölgənin təhlükəsizliyi üçün müsbət rol oynamağa istəkli olan Türkiyə rəhbərliyi məzhəbi qarşıdurmaların qarşısına keçməli və onu daha da alovlandırmamalıdır”.



Ə.Laricani Suriyada Həzrəti Zeynəbi (s.a.) qoruyan “Hizbullah”ı təqdir edərək vurğulayıb ki, bugünkü yezidlər Peyğəmbərin qəbrini belə dağıtmaq niyyətindədirlər. Spiker bildirib ki, İranın Suriya ilə bağlı siyasəti əvvəldən eyni olub: “Problem siyasi dialoqla həll edilməlidir. Suriyada terror təşkilatlarına silah-sursat və digər imkanların göndərilməsi vəziyyəti daha da pisləşdirəcək və problemin həllinə təsir göstərməyəcək”.
Şərhlər
Dünya bölməsinin xəbərləri