Azərbaycanda şəkərli diabetdən ölüm göstəricisi hər 100 min nəfərə 21,7-dən 7,5-ə enib
- 13.11.2014, 20:02,
- Cəmiyyət
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
14 noyabr bütün dünyada olduğu kimi, Azərbaycanda da Ümumdünya Diabet Günü qeyd olunur.
Səhiyyə Nazirliyindən APA-ya verilən xəbərə görə, hər il dünyada təxminən bir milyon insanın ölümünə səbəb olan şəkərli diabet ciddi təhlükə törədən, kəskin ağırlaşmalarla müşayiət olunan, müalicəsi çoxlu vəsait tələb edən xroniki xəstəlikdir. Şəkərli diabet digər xəstəlikləri kəskinləşdirə, ana və uşaq sağlamlığına mənfi təsir göstərə bilər. Bu xəstəliyin yüksək artımı eyni zamanda onun yaratdığı tibbi, sosial, iqtisadi, psixoloji və digər problemləri də qabardır. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) 2006-cı ildə qəbul etdiyi xüsusi bəyannamədə şəkərli diabet “ağır xroniki xəstəlik” kimi səciyyələndirilib.
Ümumdünya Diabet Gününün keçirilməsi ilə bağlı təklif 1991-ci ildə Beynəlxalq Diabet Federasiyası və ÜST tərəfindən dünyada diabet hallarının yüksəlməsinin qarşısını almaq məqsədilə irəli sürülüb. 2006-cı ildə BMT Baş Assambleyası tərəfindən qəbul edilən qətnaməyə əsasən, 2007-ci ildən etibarən hər il noyabrın 14-ü BMT-nin Ümumdünya Diabet Günü kimi hesab olunur. Hər il müxtəlif şüar altında keçirilən Ümumdünya Diabet Gününün dəyişilməz amalı belə səslənir: “Güc birlikdədir!” Bu günün keçirilməsində məqsəd ictimaiyyəti xəstəliyin səbəbləri, simptomları, fəsadları və müalicəsi ilə bağlı məlumatlandırmaq, xəstəliyin inkişafının qarşısının alınması yollarını araşdırmaqdır.
Azərbaycanda şəkərli diabetin qarşısını almaq məqsədilə mütəmadi olaraq işlər görülür. “2011-2015-ci illər üçün Şəkərli Diabet üzrə Tədbirlər Proqramı” çərçivəsində respublikada ilk dəfə olaraq bütün xəstələrə özünənəzarət vasitələri – qlükometrlər və test sistemlər pulsuz olaraq paylanılıb və onların dərman təchizatı ilə bağlı uzun illər davam edən problem aradan qaldırılıb. Həmçinin şəkərli diabetdən ölüm göstəricisi hər 100 min nəfərə 21,7-dən 7,5-ə enib.