Azad Rəhimov: “Azərbaycan futbol millisinə namizədlər arasında ingilis, alman, xorvat və türk mütəxəssislər var”

“Futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi postuna kimin gətiriləcəyi hələ bilinmir. AFFA ilə bir çox mütəxəssislə bağlı fikir mübadiləsi aparırıq”. Live.az-ın APA-ya istinadən verdiyi məlumatına görə, bu sözləri Azərbaycan gənclər və idman naziri Azad Rəhimov deyib.

Bakı-2015-in təqdimat mərasiminin İstanbulda keçirilməsi məqsədilə Türkiyədə rəsmi səfərdə olan nazir həmkarlarımıza müsahibə verib. O yığmamızın baş məşqçi postuna türkiyəli Yılmaz Vuralın və ümumiyyətlə bu ölkədən olan mütəxəssislərin namizədliyinin nə dərəcədə real olmasına münasibət bildirib.

A. Rəhimov Vuralla bağlı konkret cavab verməsə də, namizədlər arasında onun həmyerlisinin olduğunu qeyd edib: “Bizim üçün ən əsası futbol fəlsəfəsi və mədəniyyətinə malik mütəxəssisin millimizə gəlməsidi. Çünki yığmanın “sükanı”nı tapşıracağımız çalışdırıcının təkcə əsas komanda deyil, aşağı yaş qrupları və ölkə çempionatında çıxış edən klublarla da maraqlanmasını planlaşdırırıq. Namizədlər arasında ingilis, alman, xorvat və türk mütəxəssislər var”.

Qeyd edək ki, almaniyalı Berti Foqtsun istefasından sonra milli müvəqqəti Mahmud Qurbanova tapşırılıb.
Şərhlər
İdman bölməsinin xəbərləri