Azərbaycan XİN: Dağlıq Qarabağdakı separatçı rejimlə sənəd imzalayan Buk-Bel-Er meri Fransa qanunlarını pozub

Azərbaycanın Fransadakı səfirliyi Fransa hökumətinə rəsmi etiraz bildirib. Bu barədə APA-ya Azərbaycan XİN-in sözçüsü Hikmət Hacıyev məlumat verib. O bildirib ki, etirazın səbəbi Fransanın Buk-Bel-Er şəhərinin meri Rişar Malye ilə Dağlıq Qarabağdakı separatçı rejimin təmsilçisi Narine Aqabalyan arasında “dostluq bəyannaməsi” imzalanması ilə bağlıdır.
 
H. Hacıyev xatırladıb ki, ATƏT-in Minsk Qrupunun həmsədri olan Fransa Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir: “Azərbaycan və Fransa arasında dostluq və əməkdaşlıq münasibətləri var. Fransa bizim Avropadakı əsas tərəfdaşlarımızdan biridir. Lakin çox təəssüf ki, erməni diasporu və onların tərəfdarları iki ölkə arasında dostluq münasibətlərinə kölgə salmağa çalışırlar. Sözügedən “dostluq bəyannaməsi” də bu cür addımlardandır. Həmin şəhərin rəhbərliyi belə bir sənəd imzalamaqla, öz dövlətinin qanunlarını pozub”.
 
H. Hacıyev onu da əlavə edib ki, Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış separatçı rejimlə başqa dövlətlər, şəhərlər və hər hansı qurumlar arasında imzalanan sənədlər heç bir hüquqi qüvvəyə malik deyil.
 
“Fransanın Xarici İşlər və Beynəlxalq İnkişaf Nazirliyi sistemli şəkildə Fransanın Dağlıq-Qarabağla bağlı mövqeyini Fransanın siyasi şəxslərinə xatırladır”. Bunu isə APA-nın sorğusuna cavab olaraq Fransanın Azərbaycandakı səfirliyindən bildiriblər. Səfirlik Fransa hökumətinin Dağlıq Qarabağdakı de-fakto hakimiyyətlə heç bir əlaqə qurmadığını və özünü müstəqil elan etmiş bu qurumun Fransa hökuməti qarşısında akkreditasiyadan keçmiş hər hansı nümayəndəliyə malik olmadığını vurğulayıb: “Fransa Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü beynəlxalq səviyyədə qəbul edilmiş sərhədlər daxilində tanıyır”.
 
Xatırladaq ki, Dağlıq Qarabağ separatçı rejiminin təmsilçisi Narina Ağabalyanın Fransaya səfəri çərçivəsində Fransanın  Buk- Bel- Er şəhəri ilə işğal altındakı Dağlıq Qarabağın Əsgəran şəhəri arasında “Dostluq Bəyannaməsi” imzalanıb. 
Şərhlər
Siyasət bölməsinin xəbərləri