Ziyafət Əsgərov: “Azərbaycan istənilən yolla öz torpaqlarını azad edəcək”

Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov Bakıda səfərdə olan Türkdilli Ölkələrin Parlament Assambleyası (Türk PA) üzv ölkələrinin Sosial siyasət komitələrinin nümayəndələri ilə görüşüb.

Parlamentdən APA-ya verilən məlumata görə, Z.Əsgərov bildirib ki, Azərbaycan quruma üzv ölkələrlə müxtəlif sahələrdə əməkdaşlıq edir və bu ölkələrin hər birinə qardaş münasibəti bəsləyir.

Sədr müavini Türk dövlətlərinin prezidentlərinin qarşılıqlı səfərlərinə diqqət çəkərək, Türkiyə və Azərbaycan dövlət başçılarının artıq bir ənənə yaratdıqlarını vurğulayıb. Belə ki, hər prezident seçkisindən sonra ilk rəsmi səfərlərini Türkiyə prezidenti Azərbaycana, Azərbaycan prezidenti isə Türkiyəyə edirlər. Son 10 ildə Azərbaycanda 3,2 dəfə iqtisadi artımın mövcudluğunu deyən birinci vitse-spiker bu artımın ildən-ilə daha da yüksəldiyini vurğulayıb: “Azərbaycan Cənubi Qafqaz regionunun lider dövlətinə çevrilib”.

Görüşdə Ermənistan-Azərbaycan münaqişəsi barədə də qonaqlara məlumat verilib: “Münaqişənin həlli istiqamətində ermənilərin işğal olunmuş Azərbaycan torpaqlarını dərhal boşaltması ilə bağlı Birləşmiş Millətlər Təşkilatının qəbul etdiyi dörd qətnamə hələ də icra olunmayıb. Ermənistan tərəfi digər beynəlxalq təşkilatların da bu məsələ ilə bağlı qəbul etdiyi qərar və qətnamələrə sayğısızlıqla yanaşır. Amma Azərbaycan istənilən yolla öz torpaqlarını azad edəcək".

Nümayəndə heyətinin rəhbəri, Türkiyə Böyük Millət Məclisinin Sağlamlıq, ailə, iş və sosial məsələlər komitəsinin sədri Necdet Ünüvar isə yenidən Azərbaycanda olmaqdan məmnunluğunu ifadə edib. Qonaq hər dəfə Azərbaycana gələrkən fərqli, yenilənmiş bir ölkə gördüyündən söz açıb. O, Qazaxıstanda, Qırğızıstanda, Türkmənistanda da müşahidə olunan bu ümumi inkişafın bütün türk ölkələrini sevindirdiyini qeydn edib: “21-ci əsr türk əsri olacaq”.
Görüşdə TÜRK PA-nın fəaliyyəti və Azərbaycanın quruma üzv dövlətlərlə əlaqələrinin perspektivləri müzakirə olunub.
Şərhlər
Siyasət bölməsinin xəbərləri