Şeyxülislam İranın Ali Dini Lideri Seyid Əli Xamenei ilə görüşüb
- 25.11.2014, 22:54,
- Cəmiyyət
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Şeyxülislam Allahşükür Paşazadə İrana səfəri çərçivəsində bu ölkənin Ali Dini Lideri Ayətullah əl-üzma Seyid Əli Xamenei ilə görüşüb.
Qafqaz Müsəlmanları İdarəsinin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, görüşdə İranın dini rəhbəri İslam aləmini təhdid edən dini radiklizm və ekstremizm problemləri və ondan çıxış yolları haqqında fikirlərini açıqlayıb.
Görüşdə din adı ilə törədilən cinayətlərin İslamla heç bir əlaqəsi olmadığı və belə halların İslama, bütün bəşəriyyətə qarşı bir təxribat olduğu vurğulanıb.
İran səfəri çərçivəsində Şeyxülislam Ayətullah əl-üzma Məkarim Şirazi və Cəfər Sübhani ilə də təkbətək görüşlər keçirib.
Şeyxülislam görüşlərdə Azərbaycanla İran arasındakı qarşılıqlı münasibətlərin dostluq və qardaşlıq prinsiplərinə əsaslandığını qeyd edib. O vurğulayıb ki, bu münasibətlərin möhkəmlənməsində iki qardaş xalqın ortaq dini dəyərləri bölüşməsi mühüm rol oynayır.
Şeyxülislam həmçinin QMİ-nin İrandakı nümayəndəliyinə də baş çəkib. Şeyx gələcəkdə nümayəndəliyin fəaliyyətinin daha da genişləndirilməsinin zəruriliyini vurğulayıb.
Şeyxülislam səfəri çərçivəsində Qum şəhərində İmam Rzanın (ə) bacısı Xanım Məsumənin (ə) ziyarətgah kompleksini də ziyarət edib.
Şeyxin İran səfəri başa çatıb.