Bakı 2015 Avropa Oyunları rəsmi Ceyran və Nar simvollarını təqdim etdi
- 25.11.2014, 23:07,
- Idman / Vacib
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Bu gün Bakı 2015 Avropa Oyunları Ceyran və Narı ilk dəfə olaraq keçiriləcək idman tədbirinin rəsmi simvolları kimi təqdim edib.
Oyunların Əməliyyat Komitəsindən Trend-ə verilən məlumata görə, Azərbaycanın təbiətindən və irsindən ruhlanaraq, Ceyran və Nar ölkənin qürurlu tarixini və ümidverici gələcəyini əks etdirir. Bu cütlük Bakı 2015-in təbliğatında brend rolunda çıxış edərək bütün dünyada birinci Avropa Oyunlarının simvoluna çevriləcək.
Azərbaycanın gənclər və idman naziri, Bakı 2015-in baş icraçı direktoru Azad Rəhimov deyib: “Bütün dünyaya Ceyran və Narı təqdim etməyə olduqca şadıq və ümid edirik ki, onlar birinci Avropa Oyunları həyəcanını özlərində əks etdirə biləcəklər. Bakı 2015-in simvolları kimi onlar Azərbaycanda yeni nəsil idman azarkeşlərini ruhlandıracaq, həyəcanlandıracaq və əyləndirəcəklər. Onlar qarşıdan gələn aylar ərzində şəhərimizdə və ölkə ərazisində son dərəcə aydın şəkildə görünəcəklər”.
Ceyran qonaqlara Azərbaycanın zəngin irsinə nəzər salmağı təklif etməklə Oyunların mədəniyyət elçisi olacaq. Qafqaz dağlarından tutmuş Xəzər dənizinin sahillərinədək Ceyran qonaqlara ölkə boyu bələdçilik edəcək və onlara Azərbaycanın gözəlliklərini nümayiş etdirəcək.
Ceyran ölkədə təbii gözəlliyin, zərifliyin və saflığın simvolu və Azərbaycanda qorunan heyvan növlərindən biridir.
Nar günəşi sevən, Göyçay şəhərində bitən meyvədir. Həyat eşqi və enerji ilə aşıb-daşan Nar yeni idman növlərində iştirak etməyi sevir və Avropa Oyunları tədbirinə qoşulacaq.
Nar Azərbaycan folklorunda birliyi tərənnüm edir və rəngarəng Bakı 2015 brendində əks olunaraq artıq şəhərimizdə geniş şəkildə nümayiş etdirilib.
Bakı 2015-in əməliyyatlar üzrə baş direktoru Saymon Kleq deyib: “Bizim simvollar ilk Avropa Oyunları üçün çox əhəmiyyətlidir və onları Bakı 2015 ailəsində salamlamağa çox şadıq. Ceyran Oyunların və Azərbaycanın zəngin irsinin zərif mədəniyyət elçisi olacaq. Nar Oyunların enerjisini, həyəcanını və əyləncəsini təmsil edir və idman sahələrində keçirilən yarışlarda iştirak edəcək”.
Bakı 2015-in kommersiya direktoru Çarli Viceratna söyləyib: “Biz Avropa Oyunlarının əyləncəli və rəngarəng olmasını istəyirik və ümid edirik ki, Ceyran və Nar bütün Azərbaycanda məşhurlaşacaq. Belə ki, biz Bakı 2015-də Avropanın məşhur idmançılarına ev sahibliyi etməyə hazırlaşırıq. Simvollar illüstrasiya olaraq yaradılıb, amma tezliklə animasiyalı və real görünüşə sahib olaraq Avropa Oyunları merçendayzinqinin bir hissəsi olacaqlar”.