Oqtay Əsədov: “Avropa Parlamenti Azərbaycana qərəzli, qeyri-obyektiv və ikili standartla yanaşır”

Azərbaycan Milli Məclisinin sədri Avropa Parlamentinin sədrini sərt tənqid edib.

APA-nın məlumatına görə, Milli Məclisin iclasında çıxış edən O. Əsədov bildirib ki, Avropa Parlamentinin sədri Martin Şults Azərbaycanla bağlı qeyri-etik və qeyri-obyektiv danışıb.

O. Əsədov qeyd edib ki, Avropa Parlamenti Azərbaycana qərəzli, qeyri-obyektiv və ikili standartla yanaşır: “Bizim deputatlar dəfələrlə fərdi şəkildə cəhd ediblər ki, müzakirələr aparıb həqiqətləri onlara çatdırsınlar və bu qərəzin səbəbini soruşsunlar. Amma təəssüf ki, nəticəsi olmayıb. Nəhayət, mən özüm Şulsta məktub yazdım, amma o, məktubuma cavab vermədi. İndi də Avropa Parlamentinin iclası başlayan kimi Azərbaycanla bağlı həqiqətə uyğun olmayan fikirlər və bəyanatlar səsləndirirlər. Şults yenə də qərəzli çıxış edib. Belə açıq yalan danışmaq heç bir siyasətçiyə hörmət gətirmir”.

MM sədri Avropa Parlamenti rəhbərliyinə tövsiyə edib ki, birinci özlərinə baxsınlar və Avropada baş verən polis özbaşınalıqlarına, qanunsuzluqlara, antsemitizmə və diskriminasiyaya diqqət yetirsinlər: “Amma bunların hamısı qalıb bir kənarda, Avropada bir-iki müsəlman ölkəsi var, düşüblər onların üstünə. Bizə necə münasibət göstərsələr, artıqlaması ilə cavabını alacaqlar”.
Şərhlər
Siyasət bölməsinin xəbərləri