Azərbaycanda növbə saytlara çatdı

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Dilçilik İnstitutu gələn ilin yanvar ayından ölkədə fəaliyyət göstərən xəbər saytlarında ədəbi dilin işlənmə vəziyyətini araşdırmaq üçün monitorinqlərə başlayacaq. Bunu Trend-ə Dilçilik İnstitutunun Monitorinq şöbəsinin müdiri Qulu Məhərrəmli deyib.

Onun sözlərinə görə, monitorinq zamanı saytlarda 3 ay ərzində yerləşdirliən materiallar araşdırılacaq. Monitorinq sonrakı mərhələdə digər təyinatlı saytlar üzərində davam etdiriləcək.

Q.Məhərrəmli deyib ki, hazırda Bakı şəhərinin Nəsimi, Səbail və Nərimanov rayonlarında, Şamaxı və Bərdə şəhərlərində küçə reklamları və adları, lövhələr, afişalarla bağlı monitorinqlər aparılır. Monitorinqin ilk mərhələsi gələn il yanvarın ortalarında yekunlaşacaq. Mart ayına qədər isə monitorinq tam yekunlaşacaq: “Biz ilk mərhələdə küçə reklamlarında və adlarında, afişalarda, ünvan göstəricilərində Azərbaycan dilinin tətbiqi ilə bağlı mənzərəni müəyyən edəcəyik. Yekun nəticələr olmasa da, deyə bilərəm ki, vəziyyət ürəkaçan deyil. Digər dillərlə, məsələn, rus və ingilis dilləri müqayisədə Azərbaycan dilinin mövqeyi çox əldən verilib. Bu, təəssüf doğurur”.

Şöbə müdiri qeyd edib ki, hazırda dərman preparatları və xaricdən idxal olunan məhsulların üzərindəki yazılar, telekanallarda xəbər proqramlarının dili ilə bağlı monitorinqlər də aparılır.
Şərhlər
Sosial bölməsinin xəbərləri