Güclü sel Göyçayda evlərə, əkin sahələrinə ciddi ziyan vurub, Bakı-Şamaxı-Yevlax avtomobil yolu bağlanıb
- 27.05.2013, 23:58,
- Hadisə
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Göyçay rayonuna yağan güclü leysan yağışı səbəbindən yaranan sel suları evlərə, əkin sahələrinə ziyan vurub. APA-nın məlumatına görə bu gün axşam saat 20:00 radələrindən başlayaraq rayon ərazisinə güclü leysan yağışı yağıb, dağlardan gələn sel suları Göyçay şəhərinin qərb hissəsinə, Potu, Ərəbcəbirli, Mirəzhüseynli və Şəhadət kəndlərinə ziyan vurub.
Güclü sel səbəbindən şəhərdə və kəndlərdə 200-dən artıq evin həyətyanı sahəsinə, mənzillərin zirzəmilərinə, tövlələrə, pomidor və xiyar istixanalarına, kafe və çayxanalara, sosial obyektlərin ərazisinə 50 santimetr hündürlüyündə su dolub, əraziləri qalın lil qatı örtüb. Kəndlərdə bir neçə vətəndaşın fərdi həyətyanı sahəsindəki toyuq-cücəni sel aparıb. Həyətlərdə və küçələrdə keçilməz su gölməçələri yaranıb, beton və metal suötürücüləri, arxlar üzərindəki kiçik körpülər dağılıb. Sel suları küçələrdə dərin yarğanlar əmələ gətirib, həyətyanı sahələrin hasarlarını və yardımçı tikililəri uçurub, 100 hektardan çox əkin sahəsinə və taxıl sahəsinə ciddi ziyan vurub.
Güclü sel suları səbəbindən Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 216-218-ci kilometrlik hissəsi bir saata yaxın bağlı qalıb. Yolun üzərindən 60-70 santimetr hündürlüyündə axıb keçən sel suları səbəbindən nəqliyyatın hərəkəti məhdudlaşıb.
Hazırda rayonda leysan yağışı və sel sularının axını davam edir.