Dəm qazının yaranmasının əsas səbəbləri

Dəm qazı təhlükəsi ilə bağlı görülən maarifləndirmə işləri bəhrəsini versə də, yenə də təhlükəsizlik qaydalarına biganə yanaşanlar var.

Trend Fövqəladə Hallar Nazirliyinə istinadən məlumat verir ki, dəm qazının yaranmasının əsas səbəbləri nasaz və standartlara uyğun olmayan qaz cihazları, işlək vəziyyətdə olmayan ventilyasiya sistemi və tüstü bacalarıdır.

Odur ki:

- mənzildə istifadə etdiyimiz qaz cihazları dövlət standartları və təhlükəsizlik tələblərinə cavab verməli, mütləq uyğunluq sertifikatı olmalıdır;
- qaz cihazı istifadə olunan otağın, mətbəxin və ya hamamın hündürlüyü 2 metr 20 santimetrdən az olmamalıdır;
- qaz cihazından istifadə etdiyimiz qapalı yerdə mütləq şəkildə havaçəkən sistem işləməli, nəfəslik açıq olmalıdır;
- mütləq hamamda ventilyasiya borusu, qapının aşağı hissəsində dəliklər olmalıdır! Hamamı isti saxlamaq üçün bunları bağlamaq olmaz!
- tüstü bacalarını, ən azı, ildə iki dəfə təmizlətməliyik! Bu məqsədlə mənzil-kommunal istismar sahələrinə və ya bacaların təmizlənməsi ilə məşğul olan xüsusi lisenziyalı özəl şirkətlərə müraciət edilməlidir.

Yadda saxlayın! Dəm qazı iysizdir, hiss edilmir! Amma bundan zəhərlənmənin əlamətlərini hiss edə bilərik: başağrısı, başgicəllənməsi, ürəkbulanma, halsızlıq.

Dəm qazından zəhərlənmiş insanı dərhal təmiz havaya çıxardırıq, nəfəsalmasını çətinləşdirən geyimlərdən azad edirik, təcili tibbi yardım çağırırıq.

Unutmayaq: Qaydalara biganəlik - həyatımıza təhlükədir!

Təhlükə zamanı 112-yə zəng edin!
Şərhlər
Sosial bölməsinin xəbərləri