Spiegel: Avropa İttifaqı TANAP-ın gücünün 20 milyard kub/metrə qaldırılmasını xahiş edib

Spiegel: Avropa İttifaqı TANAP-ın gücünün 20 milyard kub/metrə qaldırılmasını xahiş edib Avropa İttifaqı (Aİ) “Cənub axını” layihəsinin dayandırılması ilə əlaqədar TANAP qaz kəmərinin gücünün 20 milyard kub/metrə qədər artırılmasını istəyir.

APA-nın məlumatına görə, “Spiegel” jurnalı yazır ki, Aİ artıq bununla bağlı Türkiyə və Azərbaycan tərəfi ilə razılıq əldə edib.

Qeyd edək ki, TANAP layihəsi çərçivəsində inşa olunacaq qaz kəməri Azərbaycanın “Şahdəniz” yatağından çıxan qazın Gürcüstan,-Türkiyə-Yunanıstan-Albaniya-İtaliya marşrutu üzrə nəqlini nəzərdə tutur. Kəmər vasitəsilə Türkiyəyə 6 milyard kub/metr, Avropaya isə 10 milyard kub/metr həcmində qaz nəql ediləcək.

Daha sonra kəmərin gücünün 31 milyard kub/metrə çatdırılması planlaşdırılır.

“Kəmərin gücünün artırılması üçün texniki imkanlar var”, - deyə Avropa Komissiyasının sədr müavini, Aİ-nin enerji komissarı Miloş Şevçoviş bildirib. Onun sözlərinə görə, bütün layihə iştirakçıları arasında kəmərin tikintisinin 2019-cu ildə başa çatdırılmasına dair razılıq əldə olunub.

Xatırladaq ki, Rusiya prezidenti Vladimir Putin Rusiyadan Avropaya qaz nəqlini nəzərdə tutan “Cənub axını” layihəsinin dayandırıldığını bu il dekabrın 1-də bəyan edib. O bu qərarı Avropa İttifaqının Rusiyaya münasibətdə qeyri-konstruktiv mövqe tutması ilə əlaqələndirib, bu şərtlərlə layihənin icrasının mümkün olmadığını bildirib.
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri