“Azərbaycan” qəzeti: “ABŞ alternativ fikirli hökumətləri devirməyə, azad fikirli insanları aradan götürməyə çalışır”
- 16.12.2014, 14:32,
- Siyasət
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Azərbaycan Milli Məclisinin rəsmi orqanı olan «Azərbaycan» qəzetində «ABŞ-ın həbs etdiyi azadlıq» sərlövhəli məqalə dərc olunub.
APA-nın məlumatına görə, məqalədə Culian Assanc və Edvard Snouden kimi şəxslərin ABŞ-ın dövlət siyasətinin ifşasına yönələn məlumatları yaymaları xatırladılıb.
Qeyd olunub ki, son illər hər iki şəxs ABŞ Dövlət Departamenti, Milli Təhlükəsizlik Agentliyi və Böyük Britaniyanın Hökumət Rabitəsi Mərkəzinə məxsus məxfi sənədləri və informasiyaları açıqlayaraq ABŞ-ın həyata keçirdiyi siyasətin əsl üzünü, düşmənləri ilə yanaşı, dostlarına da qarşı riyakar davranışını ifşa ediblər: «Təbii ki, şəbəkə və onun iradəsini həyata keçirən Barak Obama məsələni belə qoya bilməzdi və dərhal qisas mexanizmi işə salındı. Onlar cavab zərbəsi endirərək, həmin insanları həbslə susdurmağa çalışdılar. Bu, ABŞ-ın demokratiya və insan hüquqları baxımından necə qəddar bir ölkəyə çevrildiyini sübut edən nümunələrdəndir. Hazırda Snouden Moskva ətrafında yaşayır və qətlə yetiriləcəyindən qorxaraq evdən bayıra çıxmır. Onun ciddi mühafizə olunduğu da deyilir. Bu da təbiidir, çünki ABŞ xüsusi xidmət orqanlarının belə şəxsləri müxtəlif vasitələrlə aradan götürdüyü heç kimə sirr deyil. Wikileaks saytının yaradıcısı Culian Assancın taleyi isə daha acınacaqlıdır. Bu, ABŞ-ın müxtəlif adamları ləkələmək, həbs etmək üçün bir tərəfdən hansı mürtəce metodlardan istifadə etdiyini, digər tərəfdən də bəzi ölkələr istisna olmaqla, dünyanın istənilən nöqtəsində ciddi təsir mexanizmlərinə malik olduğunu açıq göstərir. Çünki Assancın qanuni yolla həbsi üçün heç bir hüquqi əsas tapmayan Vaşinqton Avropadakı müttəfiqləri vasitəsilə ona qarşı qurama iş təşkil etdi. 2010-cu il avqustun 20-də İsveç məhkəməsi Assancı iki qadını zorlamaqda şübhəli bilərək onun həbsi ilə bağlı qərar çıxardı. Şübhə isə ondan ibarət idi ki, guya Assanc intim əlaqədə olduğu və adının hansı səbəbdənsə açıqlanmadığı qadının xüsusi qoruyucu vasitələrdən istifadə etmək xahişini nəzərə almayıb. Culianın özü müxtəlif nəşrlərə müsahibələrində bildirib ki, bu ittihamlar saxtadır və Wikileaks-də “əfqan işi” açıqlandıqdan sonra ona qarşı təzyiq vasitəsi kimi ortaya atılıb. ABŞ hökuməti Avropadakı müttəfiqlərinin əli ilə Assancın səsini boğmağa və təcrid etməyə çalışsa da, onun Ekvadorun səfirliyinə sığınması Vaşinqtonun bütün kartlarını dolaşdırdı».
Məqalədə qeyd olunub ki, bütün bunlar Vaşinqtonun öz opponentlərinə qarşı necə qəddar davranış nümayiş etdirdiyinin əyani sübutudur. Üstəlik, ABŞ əlində olan bütün vasitələrlə Assancı və Snoudeni müdafiə edən medianı, hüquq-müdafiə təşkilatlarını susdurur: «Kimləri böyük qrantlar ayıraraq satın almaqla, kimləri isə təhdid və şantajla. Bariz nümunə kimi Böyük Britaniya hökumətinin Wikileaks-ın məlumatlarını yayan “The Guardian” nəşrinə təzyiqlərini göstərmək olar. Amma iş bütün bunlarla da bitmir. Bu gün də müxtəlif vəzifəli şəxslər Vaşinqtonun siyasəti əleyhinə çıxanlara qarşı hüquqi çərçivədə ölçü götürülməsi ilə bağlı təşəbbüslər irəli sürürlər. Bu təşəbbüslərin birbaşa Ağ Evlə bağlı olduğuna dair kifayət qədər şübhələr mövcuddur. Məsələn, senator Co Liberman Assancın casusluqda təqsirli bilinərək həbsini təmin edəcək qanun layihəsi irəli sürmüş və onun lobbiçiliyini həyata keçirmişdi. Alyaskanın qubernatoru Sara Peylin isə internet səhifəsi və şəxsi e-maili vasitəsilə Assancı fiziki cəhətdən məhv etməyə çağırmışdı. ABŞ özünün nəhəng resursları ilə dünyanı ələ alıb və bütün alternativ fikirli hökumətləri devirməyə, müstəqil qurumları gözdən salmağa və ya satın almağa, Assanc və Snouden kimi bütün dünya üçün mühüm iş görən azad fikirli insanları isə təcrid etməyə, bu mümkün olmadıqda isə aradan götürməyə çalışır. Sonra isə demokratiyadan, yüksək ideallardan dəm vurur. Lakin bu ölkənin özündə vəziyyət kifayət qədər acınacaqlıdır. Amerika xalqı şəbəkənin və Prezident Obamanın insanların həyatını fərdi qaydada əzməsindən və bütövlükdə azadlıq anlayışını həbs etməsindən narahatdırlar. Bu yaxınlarda Ferqyusonda baş verən hadisələr də həyatın bir küncünə sıxılmış, təhlükəsiz şəraitdə, qorxusuz yaşamaq istəyən, elementar hüquqlarının təmin olunmasını tələb edən insanların mövcud sistemə, üsul-idarəyə qarşı sərt etirazı idi. Bütün dünya əsl siması Quantanamo olan ABŞ hakimiyyətinə xatırlatmalıdır ki, XXl əsrdə imperiya ambisiyaları uğurlu seçim deyil və son nəticədə ABŞ-ın özünə ziyan vuracaq».