Azərbaycanda zəlzələ və daşqınlardan zərər çəkmiş vətəndaşlar üçün bu il 331 ev tikilərək istifadəyə verilib

“2012-ci ilin mayında ölkənin şimal-qərb bölgəsində baş vermiş zəlzələnin nəticələrinin aradan qaldırılması məqsədilə müvafiq tədbirlər davam etdirilib, bu il 305 fərdi ev tikilib istifadəyə verilib”.

APA-nın məlumatına görə, bunu bu gün Fövqəladə Hallar Nazirliyinin (FHN) yaradılmasının 9-cu ildönümünə həsr olunmuş təntənəli iclasda fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov deyib.

K. Heydərov bildirib ki, ümumilikdə Zaqatalada 3999, Qaxda 548, Balakəndə 735 olmaqla 5282 fərdi ev, həmçinin, Zaqatalada 22, Qaxda 10, Balakəndə 2, Şəkidə 3 olmaqla 10 min 300 şagird yerlik 37 məktəb binası, 135 yerlik 2 uşaq bağçası tikilib istifadəyə verilib, 480 şagird yerlik 1 məktəb binası isə bərpa və gücləndirilib. Bundan əlavə, Zaqatala şəhərində 6 ailə üçün fərdi layihələrə əsasən 4 ev tikilib.

Kür və Araz çaylarının daşması nəticəsində təbii fəlakətə məruz qalmış ərazilərdə yaşayan vətəndaşlar üçün isə cari ildə 26 fərdi ev tikilib təhvil verilib.

İl ərzində baş vermiş güclü küləklərin və digər təbii fəlakətlərin vurduğu ziyanın tez bir zamanda aradan qaldırılması məqsədilə Daşkəsən, Ağcabədi, Ağdaş, Zaqatala, Balakən, Göyçay, Qəbələ rayonlarına və Gəncə şəhərinə tikinti materiallarından ibarət yardımlar da göndərilib.
Şərhlər
Sosial bölməsinin xəbərləri