Azərbaycanda A-93 markalı benzinin olmadığı rəsmən təsdiqləndi

Azərbaycandakı yanacaqdoldurma məntəqələrində A-93 adı ilə satılan benzinin standartlara uyğun olmadığını rəsmən təsdiqlənib. ANS-in məlumatına görə, Elçin Abbasov adlı vətəndaş "Azpetrol" yanacaqdoldurma məntəqələrində satılan A-93 markalı benzinin hansı standartlara uyğun olduğunu öyrənmək üçün İqtisadi İnkişaf Nazirliyinin Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarını Müdafiə Xidmətinə məktubla müraciət edib. Martın 15-də xidmətin rəis müavini Araz Əliyevdən məktuba rəsmi cavab gəlib.

Cavabda bildirilir ki, Dövlət Xidməti tərəfindən aparılan araşdırmalar zamanı texniki normativ hüquqi aktlara əsasən, respublikada istehsal olunan benzinlər A-80, A-92 və A-95 markalı benzinlər olduğu müəyyən edilib. Bununla bağlı "Azpetrol LTD" MMC-yə göstəriş verilib. Şirkət isə yanacaqdoldurma məntəqələrində "A-93" yazılarının "A-92" ilə əvəz olunacağı barədə Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarını Müdafiə Xidmətini məlumatlandırıb.

Məktubda o da bildirilir ki, A-93 adı ilə benzin satan digər yanacaqdoldurma məntəqələri ilə bağlı tədbir görülür.
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri