Azərbaycan əhalisinin gündəlik gəliri 2 dollardan aşağı olan yoxsul ölkələrin sırasından çıxarılıb.
Trend-in məlumatına görə, əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov hakim Yeni Azərbaycan Partiyasının saytına müsahibəsində bildirib ki, hazırda dünyada yoxsulluq səviyyəsi Dünya Bankının təklif etdiyi metodologiya üzrə ölçülür və gündəlik gəliri 2 dollardan aşağı olanlar yoxsul, həmçinin 1 dollardan aşağı gəliri olanlar ifrat yoxsul hesab edilirlər: “Əgər 2003-cü ildə dünyada gündəlik gəliri 2 dollardan aşağı olan 2,6 milyard əhalinin müəyyən hissəsi ölkəmizdə idisə, bu gün dünyada gündəlik gəliri 2 dollardan az olan 2,5 milyard nəfər arasında Azərbaycan əhalisi yoxdur. Çünki ölkəmizdə adambaşına ehtiyac meyarının məbləği (hazırda 100 manat) ayda 128 ABŞ dolları səviyyəsindədir və bundan aşağı gəlirlərlə həmin səviyyə arasında yaranan fərq yardım şəklində dövlət hesabına ödənilir”.
S.Müslümovun sözlərinə görə, Azərbaycan 2000-ci ildə BMT-nin Minilliyin İnkişaf Məqsədlərinə qoşulmuş 147 ölkədən biridir: “Bu sənəddən irəli gələn öhdəliklərdən biri də 2015-ci ilə qədər yoxsulluğun yarıyadək azaldılmasıdır. Ötən müddətdə ölkəmizdə iqtisadi inkişaf və yoxsulluğun azaldılması üzrə gerçəkləşdirilən dövlət proqramları, konkret sahələr, eləcə də regional inkişaf proqramları yoxsulluğun səviyyəsinin 2003-cü ildəki 49 faizdən 5 faizə, yəni qlobal yoxsulluq səviyyəsindən 3 dəfə aşağı enməsi ilə nəticələnib”.
Nazir deyib ki, sosial rifah halının yüksəlməsi sahəsində əldə etdiyi nailiyyətlərə görə Azərbaycan BMT-nin son hesabatına əsasən, insan inkişafı indeksinə görə 187 ölkə sırasında 76-cı yerdə qərarlaşıb və yüksək inkişaf səviyyəsinə malik ölkələr qrupuna daxil olub.
S.Müslümovun sözlərinə görə, bu uğurların əldə olunmasında əhalinin gəlir imkanlarının artırılması üçün çoxsaylı və keyfiyyətli iş yerlərinin açılması, sahibkarlığın dəstəklənməsinə və iqtisadiyyatın müasirləşdirilməsinə yönələn fəal siyasətin aparılması, əmək haqlarının, pensiya və digər sosial ödənişlərin mütəmadi artırılması əsas rol oynayır: “Məsələn, minimum əmək haqqının məbləği son 10 ildə 11,6 dəfə, bir nəfərə düşən orta aylıq əmək haqqı 5,5 dəfə, əmək pensiyalarının orta aylıq məbləği 9,4 dəfə, 2006-cı ildən müəyyən edilən ehtiyac meyarının məbləği isə ötən dövrdə 3,3 dəfədən çox artıb”.
Nazir deyib ki, pensiyaların orta aylıq məbləği 2003-cü ildə yoxsulluq həddindən 2 dəfə aşağı olduğu halda, ötən dövrdə 9,4 dəfə artaraq 18,4 manatdan 173 manata çatmış və bu həddi 1,7 dəfə üstələyib. Hazırda minimum pensiya məbləği minimum əmək haqqı məbləğinə nisbətdə 95,2 faiz təşkil edir ki, bu da MDB-də ən yüksək göstəricidir. Bununla yanaşı, hazırda ehtiyac meyarı məbləğinin (100 manat) yaşayış minimumu məbləğinə (125 manat) nisbəti göstəricisi də 80 faiz olmaqla, bir sıra inkişaf etmiş ölkələrin müvafiq göstəriciləri ilə eyni səviyyədədir. Ümumilikdə, əhalinin gəlirləri 2003-cü ildəki 5,7 mlrd. manatdan 2014-cü ilin əvvəlinə 37,6 mlrd. manata çatıb.