Leyla Əliyeva və rusiyalı qonaqlar Gəncədə olublar

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA (Ətraf Mühitin Mühafizəsi Naminə Beynəlxalq Dialoq) İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva və görkəmli rus şairi Mixail Lermontovun Bakıda keçirilən 200 illik yubileyində iştirak edən rusiyalı qonaqlar dekabrın 23-də Gəncədə olublar.

Trend AzərTAc-a istinadən xəbər verir ki, Leyla Əliyeva və rusiyalı qonaqlar əvvəlcə Heydər Əliyev park-kompleksinə gəliblər.

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev Heydər Əliyev park-kompleksi haqqında məlumat verərək deyib ki, 350 hektar ərazisi olan park şəhər sakinlərinin ən çox sevdikləri istirahət məkanlarından biridir. Burada Heydər Əliyev Mərkəzi, müstəqil Azərbaycanın uğurlarının rəmzi olan Zəfər tağı, amfiteatr, Gənclər Sarayı, Müasir İncəsənət Muzeyi və əyləncə mərkəzləri yaradılıb.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və qonaqlar hündürlüyü 41 metr olan Zəfər tağına çıxaraq park- kompleksi seyr etdikdən sonra fəvvarələr xiyabanından keçərək Heydər Əliyev Mərkəzinə gəldilər. Yol boyu parkda şəhər sakinləri ilə söhbət edən Leyla Əliyeva onlarla xatirə şəkilləri çəkdirdi. Xiyabanda quraşdırılmış yolka ətrafında Şaxta baba ilə Qar qız Leyla Əliyevanı və rusiyalı qonaqları salamlayaraq onlara ən xoş arzularını çatdırdılar.

Park-kompleksdəki 3 min tamaşaçı yeri olan amfiteatrla tanış olan Leyla Əliyeva və qonaqlar məmnun qaldıqlarını bildirdilər. Məlumat verildi ki, amfiteatrda tez-tez kütləvi tədbirlər, konsertlər təşkil edilir. Burada bir çox xarici incəsənət ustalarının çıxışları da olub.

Heydər Əliyev Fondunun dəstəyi ilə hər il Bakıda keçirilən “Qız Qalası” Beynəlxalq Festivalında nümayiş etdirilən Qız qalasının maketlərinə baxan Leyla Əliyeva və rusiyalı qonaqlar vaxtilə ulu öndər Heydər Əliyevin əkdiyi çinar ağacını seyr etdilər. Leyla Əliyeva yeni çinar ağacının əkilməsində iştirak edərək onu rəmzi olaraq “Lermontov ağacı” adlandırdı. Ağacın əkilməsində rusiyalı qonaqlar da iştirak etdilər.

Leyla Əliyeva və qonaqlar Heydər Əliyev Mərkəzinin qarşısında Ulu Öndərin abidəsini ziyarət edərək önünə gül dəstələri qoydular.

Sonra Heydər Əliyev Mərkəzi ilə tanışlıq oldu. Bildirildi ki, sahəsi 7 min kvadratmetrdən çox olan Mərkəz dördmərtəbəlidir. Burada 300 nəfərlik konfrans zalı, kompyuter, xarici dil kursları, rəqs və xalçaçılıq dərnəkləri, 10D formatlı sinema fəaliyyət göstərir.

Mərkəzlə tanışlıq çərçivəsində Leyla Əliyeva burada IDEA İctimai Birliyinin Gəncə Şəhəri Resurs Mərkəzinin açılışında iştirak etdi.

Rəmzi açılışı bildirən lenti kəsən Leyla Əliyeva kollektivə xoş arzularını çatdırdı.

IDEA-nın fəal üzvləri Azərbaycanda yaşıllaşdırma marafonunun təşəbbüskarı olan Leyla Əliyevaya minnətdarlıq etdilər. Bildirildi ki, onun həyata keçirdiyi layihələr ölkəmizin inkişafına xidmət edir. Gəncənin 2016-cı ildə Avropanın Gənclər Paytaxtı seçilməsi dövlətimizin başçısının ölkəmizdə gənclərə göstərdiyi diqqət və qayğının nəticəsi kimi dəyərləndirildi.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva onun ideyalarını dəstəkləyən və həyata keçirilməsində iştirak edən IDEA İctimai Birliyinin Gəncə Resurs Mərkəzinin üzvlərinə hədiyyələr təqdim etdikdən sonra Mərkəzdəki xalçaçılıq dərnəyinin işi ilə tanış oldu. Leyla Əliyeva burada toxunuşu başa çatan xalçanın kəsilməsi prosesində iştirak etdi. Heydər Əliyev Fondunun vitse-prezidenti xalçanı “Lermontov irsi” Assosiasiyasının prezidenti Mixail Lermontova hədiyyə etdi.

Mərkəzdə fəaliyyət göstərən musiqi dərnəyində rəqs qrupunun məşqlərinə baxan Leyla Əliyeva və rusiyalı qonaqlar Heydər Əliyev park-kompleksinə gəldilər. Onlar burada IDEA İctimai Birliyinin təşəbbüsü ilə ölkəmizdə həyata keçirilən yaşıllaşdırma marafonunda iştirak edən şəhər ictimaiyyətinin nümayəndələri ilə görüşdülər.
Diqqətə çatdırıldı ki, bu ərazidə 50 min ağacın əkilməsi nəzərdə tutulub. Yaşıllaşdırma marafonu çərçivəsində dekabrın 23-də isə 10 min ağacın əkiləcəyi bildirildi.

Sonra Leyla Əliyeva və rusiyalı qonaqlar burada hərəyə bir Xan çinarı əkdilər.

Gəncəlilərin sevimli istirahət yeri olan Xan bağına gələn Leyla Əliyeva və rusiyalı qonaqlar burada sakinlərlə söhbət etdilər.

Leyla Əliyevanı və qonaqları gəncəlilər adından salamlayan şair Rübail şeir söylədi. Akademik Fuad Əliyev isə ölkədə, eləcə də Gəncədə keçirilən yaşıllaşdırma marafonunun bəhrələrindən danışaraq bu işin təşəbbüskarı olan Leyla Əliyevaya minnətdarlığını bildirdi.

Sonra Leyla Əliyeva və rusiyalı qonaqlar dahi Azərbaycan şairi Nizami Gəncəvinin məqbərəsini ziyarət etdilər. Məlumat verildi ki, məqbərə vaxtilə ulu öndər Heydər Əliyevin Sərəncamına əsasən əsaslı şəkildə təmir edilib. 2011-ci ildə isə şairin 870 illik yubileyinə hazırlıq ərəfəsində Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə məqbərənin ərazisi daha da genişləndirilərək yenidən qurulub.

Məqbərəni ziyarət edən Leyla Əliyevaya və rusiyalı qonaqlara mütəfəkkir şair haqqında, onun yubiley tədbirlərində iştirak edən görkəmli şəxsiyyətlər barədə ətraflı məlumat verildi.
Şərhlər
Sosial bölməsinin xəbərləri