Fransa telekanallarında Azərbaycanla bağlı reklam çarxına 100 milyon dəfə baxılıb
- 28.12.2014, 23:12,
- Cəmiyyət
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Azərbaycanın turizm potensialının nüfuzlu xarici telekanallarda yayımlanması tədbirləri çərçivəsində Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyi ilə Fransa televiziya kanalları arasında əməkdaşlıq uğurla davam etdirilir. Bunun məntiqi nəticəsi olaraq 2014-cü ildə Fransanın "TV5 Monde" və "France 24" telekanallarında Azərbaycanın turizm potensialını təbliğ edən müvafiq reklam çarxı nümayiş olunub.
Nazirlikdən Trend-ə verilən məlumata görə, "TV5 Monde" telekanalından alınan məlumata əsasən qeyd etmək olar ki, bu müddət ərzində reklam çarxı ən baxımlı vaxtlarda (prime time) 378 dəfə nümayiş etdirilib və 4 000 000-a yaxın insan tərəfindən izlənilib. Xüsusi olaraq qeyd etmək yerinə düşər ki, yuxarıda təqdim edilən izləyici sayında 2013-cü il ilə müqayisədə 15% artım müşahidə olunur. 2014-cü ildə adıçəkilən televiziya kanalında ölkəmizin reklam çarxı 18 həftə yayımlanıb.
Artıq 25 ildir ki, fəaliyyət göstərən "TV5 Monde" telekanalı tək Fransada deyil, dünyada 200-ə yaxın ölkədə yayımlanmaqdadır. Həftə ərzində bu telekanalı fransız, ingilis və ərəb dillərində ümumilikdə həftə ərzində 55 000 000 tamaşaçı izləyir.
Qeyd edək ki, əməkdaşlıq çərçivəsində elektron KİV vasitəsilə də Azərbaycan uğurla təbliğ olunmaqdadır və ölkəmizin turizm imkanlarına həsr olunmuş reklam çarxının yayımlandığı "TV5 Monde" telekanalının www.tv5monde.com rəsmi veb səhifəsinə hər ay 5 000 000 yaxın nəfər daxil olur.
Yuxarıda qeyd olunan Azərbaycana dair reklam çarxı "France 24" telekanalında da yayımlanıb. Maraqlıdır ki, Şimali Afrika, Yaxın Şərq və Avropada yayımı əhatə edən bu televiziya kanalı həftə ərzində 45 000 000 nəfər tərəfindən izlənilir.
Ümumilikdə qeyd olunan telekanallarda Azərbaycana həsr olunmuş reklam kampaniyasını 100 milyondan artıq tamaşaçı izləyib.
Fransa və digər fransızdilli turistlərin cəlb edilməsinin vacibliyini nəzərə alaraq, Azərbaycanın turizm potensialının bu ölkədə təbliğatı 2015-ci ildə də davam etdirilməsi üçün Mədəniyyət və Turizm Nazirliyi ilə adıçəkilən telekanallarla danışıqlar davam etdirilir.