Romada polis Yeni il günü xidmətə çıxmayıb

Romada polis Yeni il günü xidmətə çıxmayıb



Yeni il ərəfəsində Roma polisinin 83 faizi xidmətə çıxmayıb.

APA-nın «The Telegfaph»-a istinadən verdiyi məlumata görə, işə çıxmayan polislərin əksəriyyəti bunu xəstəliklə izah ediblər.

Roma Şəhər Şurası və İtaliya hökuməti bələdiyyə polisinin 2014-cü ilin son günündə kütləvi şəkildə xidmətə çıxmamasının səbəbini araşdıracaq.

“Onlar gecələrini korlamaq istəməyiblər, lakin günahkarlar məsuliyyətə cəlb olunmalıdırlar”, - deyə Roma meri İqnasio Marino (Ignazio Marino) bildirib. Merin müavini Luici Nieri (Luigi Nieri) isə polislərin bu addımını yolverilməz adlandıraraq, onların ən qızğın gecələrdən birində şəhərdə ictimai asayişi təhlükəyə atdıqlarını qeyd edib.

“Məlumat aldım ki, polis əməkdaşlarının 83 faizə qədəri xəstəlik səbəbindən dekabrın 31-də işə çıxmayıb. Biz 2015-ci ildə dövlət sektorunda məşğulluq qaydalarını dəyişəcəyik”. Bunu isə İtaliyanın baş naziri Matteo Rensi (Matteo Renzi) olaya münasibət bildirərkən bəyan edib.

Polisin nümayəndələri isə yaranmış vəziyyəti şəxsi heyət çatışmazlığı ilə izah ediblər. “Biz 5900 nəfərik, halbuki 9400 nəfər tələb olunur. Hazırkı qüvvə ilə biz həftə ərzində hər gün 24 saat xidmət apara bilmərik”, - deyə Polis Həmkarlar İttifaqının rəhbəri Stefano Cannini (Stefano Giannini) bildirib.

Qeyd edək ki, dekabrın 31-də Yeni ili bayram etmək üçün Roma küçələrinə 600 minə yaxın insan çıxıb.
Şərhlər
Dünya bölməsinin xəbərləri