PA: Prezident İlham Əliyev humanist addım ataraq neft məhsullarının qiymətinin vətəndaşların mənafeyi nəzərə alınmaqla tənzimlənməsi barədə tapşırıq verib

“Prezident İlham Əliyev humanist addım ataraq neft məhsullarının pərakəndə satış qiymətlərinin vətəndaşların mənafeyi nəzərə alınmaqla tənzimlənməsi barədə Tarif Şurasına tapşırıq verib. Həmin tapşırığa əsasən də bu gün Tarif Şurasının növbədənkənar iclası keçirilib, neft məhsullarının qiymətlərinə yenidən baxılaraq tariflərin tənzimlənməsi barədə qərar qəbul edilib”.

Bunu APA-ya Azərbaycan Prezidenti Administrasiyasından (PA) Tarif Şurasının bugünkü qərarını şərh edərkən deyiblər.

Administrasiyadan o da bildirilib ki, prezidentin tapşırığına əsasən, Tarif Şurasının “Ölkə daxilində neft məhsullarının tariflərinin tənzimlənməsi barədə” bu il 12 yanvar tarixli qərarı ləğv edilib: “Ölkə ərazisində istehsal edilərək daxili istehlaka yönəldilən avtomobil benzini, dizel yanacağı və maye qazın hər litri üzrə 2 qəpik yol vergisi şirkətdaxili tariflərin azaldılması hesabına tətbiq edilməklə, Aİ-92 markalı avtomobil benzininin pərakəndə satış qiyməti əvvəl olduğu kimi 1 litr üçün 70 qəpik, dizel yanacağının pərakəndə satış qiyməti isə 1 litr üçün 60 qəpik səviyyəsində müəyyən olunub. Həmçinin maye qazın topdansatış qiyməti 1 ton üçün 300 manatdan 263,6 manata endirilib və yol vergisi ilə birlikdə topdansatış qiyməti 1 ton üçün 300 manat müəyyənləşdirilib. Bundan sonra avtomobil vasitəsinin istismarına görə yol vergisi hüquqi və fiziki şəxslər tərəfindən deyil, yanacaq istehsal və idxal edən şirkətlərin hesabına ödəniləcək. 2015-ci ilədək isə illik yol vergisini fiziki şəxslər avtonəqliyyat vasitələrinin mühərrikinin həcminə görə texniki baxışdan keçən zaman, hüquqi şəxslər isə balanslarında olan avtonəqliyyat vasitələrinə görə vergi orqanlarına müvafiq bəyannamə təqdim etməklə dövlət büdcəsinə ödəyirdilər”.

Qeyd edək ki, Azərbaycan Tarif Şurası bu il yanvarın 12-də keçirilmiş iclasında “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2014-cü il 30 dekabr tarixli qanununa uyğun olaraq, neft məhsullarının tariflərinə baxıb. Qəbul olunmuş qərara əsasən, Aİ-92 markalı avtomobil benzininin pərakəndə satış qiyməti 1 litr üçün 72 qəpik, dizel yanacağının pərakəndə satış qiyməti isə 1 litr üçün 62 qəpik müəyyən edilib.

Bu gün isə Tarif Şurası 12 yanvar tarixli qərarını ləğv edib.
Şərhlər
Siyasət bölməsinin xəbərləri