Azərbaycanda ilk dəfə Paint-Ball və Stend atıcılıq Mərkəzi tikilir

Azərbaycanda ilk dəfə Paint-Ball və Stend atıcılıq Mərkəzi tikilir Ağstafada respublikada ilk dəfə olaraq Paint-Ball və Stend atıcılıq Mərkəzi inşa edilir.


Bu barədə APA-ya Ağstafa rayon İcra Hakimiyyəti başçısının müavini Kamran Abbasov məlumat verib.



Onun sözlərinə görə, Mərkəz həm fəal istirahət, həm də əyləncə mərkəzi olmaqla yanaşı yeniyetmə və gənclərin hərbi vətənpərvərlik tərbiyəsində mühüm rol oynayacaq: «2013-cü ildə tikintisinə başlanan Paint-Ball və Stend atıcılıq Mərkəzi ölkəmizdə ilk dəfə olaraq Ağstafa rayonunda reallaşdırılır. Rayonun Həsənsu çayı sahilində bu mərkəzin tikintisi üçün 2 hektar torpaq sahəsi ayrılıb. Ərazidə torpaq işləri başa çatdırılıb və hazırda inzibati binanın tikintisinə başlanılıb».



Müsahibin bildirdiyinə görə, Mərkəzdə müvafiq idman qurğuları və avadanlıqları ilə yanaşı, su hovuzu, müşahidə məntəqəsi və rayonda olimpiya idman hərəkatının genişləndirilməsi və idmanın kütləviliyinin təmin edilməsi məqsədi ilə olimpiya idman növü olan stend atıcılığı və atıcılığın kütləvi növü alan sportinq (idman ovçuluq atıcılığı) meydançası da tikilir.



K.Abbasovun bildirdiyinə görə, sözü gedən layihənin həyata keçirilməsində məqsəd rayonda həm idmanın kütləviliyini təmin etmək, həm də olimpiya hərəkatının genişləndirilməsi, gənclərin vətənpərvərlik tərbiyəsinin və hərbi xidmətə hazırlığının gücləndirilməsidir.
Şərhlər
Sosial bölməsinin xəbərləri