BŞTİ: Hövsandakı məktəbin direktoru Qardaşxan Səlimov vəzifəsinin icrasından kənarlaşdırılıb

Bakı Şəhəri üzrə Təhsil İdarəsi 118 nömrəli tam orta məktəblə bağlı baş verən hadisə barədə açıqlama yayıb.

İdarənin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, hazırda idarənin əməkdaşları sözügedən məktəbdədir. Məsələ tam araşdırılana qədər məktəbin direktoru Qardaşxan Səlimov vəzifəsinin icrasından kənarlaşdırılıb. Məktəbin idarə olunması Bakı Şəhəri üzrə Təhsil İdarəsinin əməkdaşına həvalə olunub.

Qeyd edək ki, məsələ bilavasitə Təhsil Nazirliyi rəhbərliyinin nəzarəti altındadır.

118 nömrəli tam orta məktəbin ətrafında baş verən hadisə zamanı dünyasını dəyişən Elmar Əliyevin ölümünün səbəbi müvafiq hüquq-mühafizə orqanları tərəfindən araşdırılır və bununla bağlı əlavə məlumat veriləcək.

İdarə dünyasını dəyişən Elmar Əliyevin ailəsinə başsağlığı verib.

Qeyd edək ki, 118 saylı Hövsan kənd orta məktəbinin direktorunun hərəkəti valideynlərin narazılığına səbəb olub.

Bu gün səhər məktəbin ətrafına toplaşan kənd sakinləri məktəbin direktorunun məktəbdə təhsil sistemini düzgün idarə etmədiyini, vaxtında dərsə gəlmədiyini, şagirdlərlə təhqir formasında danışdığını bildiriblər.

Kənd camaatının sözünə görə, məktəbin tarix müəllimi uzun müddət dərsə gəlməyib. Yanvarın 16-da məktəbin IX sinif şagirdi direktordan müəllimin dərsə gəlməməsinin səbəbini soruşub və onun başqa müəllimlə əvəz olunmasını istəyib. Məktəb direktorunun şagirdə cavabı isə belə olub: “Sənin atan evdən gedəndə yerində əvəzedici qoyur?”

Kənd camaatının narazılığına da məhz direktorun bu sözləri səbəb olub. Bu gün saat 09:00-da 50-60-a yaxın kənd sakini məktəbin qarşısına yığışaraq direktora etiraz edib.

Əraziyə Suraxanı Rayon Polis İdarəsinin əməkdaşları gəlib.

Aksiya zamanı 22 yaşlı Əliyev Elmar Rəcəbəli oğlu qıcolmadan dünyasını dəyişib. Hazırda onun ölüm səbəbləri araşdırılır.
Şərhlər
Sosial bölməsinin xəbərləri