Parisdə Topçubaşovun yaşadığı binaya lövhə vurulub

Parisdə Azərbaycan Xalq Cümhuriyyətinin ilk parlament sədri Əlimərdan bəy Topçubaşovun anadan olmasının 150 illiyi münasibətilə tədbir keçirilib. İlk olaraq Ə.Topçubaşovun Sən-Klu qəbiristanlığındakı məzarı ziyarət edilib.

Prezident İlham Əliyevin Ə.Tobçubaşovun 150 illiyinin dövlət səviyyəsində qeyd olunması barədə sərəncamını diqqətə çatdıran Azərbaycanın Fransadakı səfiri Elçin Əmirbəyov bildirib ki, Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyəti onun yaradıcılarından biri olmuş Ə.Topçubaşovun fəaliyyəti ilə birbaşa bağlıdır.

Cəmi 23 ay yaşayan cümhuriyyət 1920-ci ildə bolşeviklərin Bakını zəbt etməsi ilə süquta uğradı. Azərbaycanın azadlığına və müstəqilliyinə çalışan mübarizlərin əksəriyyəti doğma vətənlərini tərk edərək qürbətdə yaşamağa məcbur oldular.

Lakin doğma vətənlərini unutmadılar, həmişə təmsil etdikləri ölkəni müstəqil və suveren görmək arzusu ilə yaşadılar. Nəhayət, Ə.Topçubaşov və onun həmfikirlərinin idealları 71 ildən sonra reallaşdı və Azərbaycan müstəqilliyini bərpa etdi.

Səfir vurğulamışdır ki, bu gün müstəqilliyinin üçüncü onilliyini yaşayan ölkəmiz sürətli inkişaf yoluna qədəm qoymuş, dövlətçiliyimiz möhkəmlənmiş, onun beynəlxalq aləmdə imici yüksəlmişdir.

Sonra səfirlik adından Ə.Topçubaşovun və cümhuriyyət dövründə nəşr olunan “Azərbaycan” qəzetinin redaktoru Ceyhun Hacıbəyovun məzarları önünə əklillər qoyulmuşdur.

Daha sonra Əlimərdan bəy Topçubaşovun vaxtilə Parisin 16-cı rayonunda yaşadığı binanın qarşısına yeni lövhənin qoyulması ilə bağlı mərasim keçirilmişdir. Mərasimdəki çıxışında səfir Elçin Əmirbəyov Ə.Topçubaşovun Fransa həyatından danışmış, onun xatirəsini əbədiləşdirən bu lövhənin Azərbaycan və fransız xalqları arasında dostluq və qardaşlıq simvolu olduğunu vurğulamışdır.

Fransa Şərq Dilləri və Sivilizasiyaları İnstitutunun doktorantı E.Kərimov Ə.Topçubaşovun Azərbaycanın azadlığı və müstəqilliyi uğrundakı fəaliyyəti barədə məlumat vermişdir.

Lövhənin açılışı mərasimində iştirak edən xarici işlər nazirliyinin və fransız ictimaiyyətinin nümayəndələri, 16-cı rayonun merinin müavini, bir sıra ölkə səfirliklərinin əməkdaşları, Fransanın ölkəmizdəki keçmiş səfirləri, diasporumuzun təmsilçiləri və digər qonaqlar Parisdəki Azərbaycan Mədəniyyəti Mərkəzində Ə.Topçubaşovun fəaliyyətini əks etdirən fotoların nümayiş olunduğu sərgiyə baxmışlar.



Gün.Az
Şərhlər
Sosial bölməsinin xəbərləri