Rus hərbçinin Gümrüdə bir ailənin yeddi üzvünü qətlə yetirməsinin səbəbi məlum olub

Rusiya İstintaq Komitəsinin Baş Hərbi İstintaq İdarəsi Ermənistanın Gümrü şəhərində baş verən qətlin motivini açıqlayıb.

APA-nın “news.am” saytına istinadən verdiyi xəbərə görə, idarənin məlumatında bildirilir ki, Rusiyanın Gümrüdə yerləşən 102-ci hərbi bazasının hərbi qulluqçusu Valeri Permyakovun bir ailənin yeddi üzvünü qətlə yetirməsinin səbəbi SSRİ dövründə erməni cinayətkar Vladimir İonesyan tərəfindən rusların silsilə qətlinin qisasının alınmasıdır.

Dindirilmə zamanı V. Permyakov bildirib ki, V. İonesyan tərəfindən qətlə yetirilən şəxslərdən birinin qohumudur. Rus hərbçi qeyd edib ki, V. İonesyanın hələ o, dünyaya gəlməmişdən əvvəl törətdiyi qətllər, o cümlədən qohumunu öldürməsi onu sarsıdıb və bunun qisasını almaq qərarına gəlib.

Xatırladaq ki, yanvarın 12-də Gümrü şəhərində Avetisyan ailəsinin 6 üzvü güllələnib. Cinayəti Gümrüdə yerləşən Rusiyanın 102-ci hərbi bazasının əsgəri Valeri Permyakov törədib. O, Ermənistan-Türkiyə sərhədini keçmək istəyərkən Rusiya sərhədçiləri tərəfindən saxlanılıb. İnsident zamanı Avetisyanlar ailəsinin müxtəlif xəsarətlər alan 6 aylıq üzvü Seryoja Avetisyan isə yanvarın 19-da ölüb. Hadisə ilə bağlı istintaq Ermənistan və Rusiya hüquq-mühafizə orqanları tərəfindən birgə aparılır. Rusiya İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastrıkin hazırda Ermənistandadır.

Qeyd edək ki, 1937-ci ildə Tbilisidə anadan olan V. İonesyan isə SSRİ-də ilk silsilə qətllər törədən qatillərdən olub. O, adətən qurbanlarının evinə özünü Moskva şəhər Qaz İdarəsinin əməkdaşı kimi təqdim edərək daxil olduğuna görə, “Mosqaz” ləqəbi ilə tanınıb. V. İonesyan 1963 və 1964-cü illərdə Moskva və İvanovo şəhərlərində ümumilikdə 5 nəfəri qətlə yetirib. Qətllərdən öncə isə o, müxtəlif cinayətlər törətdiyinə görə, həbs olunub.

V. İonesyan törətdiyi qətllərə görə, məhkəmənin qərarı ilə ölüm cəzasına məhkum edilib və 1964-cü il fevralın 1-də güllələnib.
Şərhlər
Dünya bölməsinin xəbərləri