Azərbaycan prezidenti Davosda “Bakı 2015” ilk Avropa Oyunlarının təqdimatında iştirak edib

Davosda “Bakı 2015” ilk
Avropa Oyunlarının təqdimatı olub.
APA-nın məlumatına görə,
Azərbaycan prezidenti İlham Əliyev
mərasimdə iştirak edib.
Heydər Əliyev Fondunun təşkilatçılığı
və dəstəyi ilə keçirilən təqdimat
mərasiminə İsveçrənin ictimai-siyasi
dairələrinin, beynəlxalq idman
ictimaiyyətinin nümayəndələri,
Dünya İqtisadi Forumunda iştirak
edən xarici ölkələrin təmsilçiləri
qatılıblar.
Qonaqlar əvvəlcə Azərbaycan
heykəltəraşlarının “Bakı 2015”ə həsr
olunmuş bürünc heykəllərindən
ibarət sərgiyə baxıblar. “Biz birlikdə”
adlanan bu sərgidə 20-dən çox
heykəltəraşımızın idmanın müxtəlif
növlərini təsvir edən əsərləri
sərgilənib. Onların hər biri müxtəlif
cərəyanları nümayiş etdirməklə, ilk
Avropa Oyunlarının həyəcanını
sənətin dili ilə dolğun əks etdirib.
Qonaqlara Heydər Əliyev Fondunun
Azərbaycan haqqında müxtəlif
nəşrləri, o cümlədən birinci Avropa
Oyunlarına həsr olunan bukletləri
təqdim edilib.
Prezident İlham Əliyev mərasimdə
çıxış edib. Sonra Avropa Olimpiya
Komitəsinin prezidenti Patrik Hikki
çıxış edib.
Daha sonra mərasim iştirakçıları
“Bakı 2015”ə həsr olunan filmə
baxıblar. Filmdə ilk Avropa
Oyunlarına hazırlıq işləri və digər
tədbirlər barədə geniş məlumat
verilib.
Qeyd edək ki, ilk Avropa Oyunları
Bakıda 21 idman obyektində
keçiriləcək. Bu məqsədlə yeni
arenalar inşa edilir, mövcud
qurğular yenilənərək hazır vəziyyətə
gətirilir. Açılış mərasiminin baş
tutacağı 68 min nəfərlik Bakı
Olimpiya Stadionundan əlavə,
Bakıda 7300 nəfərlik Olimpiya
şəhərciyi də oyunlara hazırlanır. İlk
Avropa Oyunlarının Bakıda
keçirilməsi Azərbaycana beynəlxalq
miqyasda göstərilən maraqdan irəli
gəlir. Son dərəcə maraqlı, qədim
tarixi və zəngin mədəni dəyərləri
olan Azərbaycanın Avropanın
həyatında baş verəcək ilk belə
hadisəyə ev sahibliyi etməsi təbii ki,
həm də ölkəmizin idman sahəsində
son illərdə qazandığı uğurlardan
qaynaqlanır. Təsadüfi deyil ki,
Azərbaycan müstəqilliyini bərpa
etdikdən sonra atletlərimiz
olimpiadalarda 26, Avropa və dünya
çempionatlarında isə 2000-dək
medal qazanıblar. 2015-ci il iyunun
12-dən 28-dək keçiriləcək ilk Avropa
Oyunlarında 49 ölkədən 6000-dən
artıq idmançı 20 idman növündə
mübarizə aparacaq.
Şərhlər
Siyasət bölməsinin xəbərləri