“Hazırda Azərbaycanda orta aylıq əməkhaqqı 565 dollar, orta pensiya 221 dollardır”.
APA-nın məlumatına görə, bunu “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfransda çıxışı zamanı prezident İlham Əliyev söyləyib.
Dövlət başçısı bildirib ki, regionların sosial-iqtisadi inkişafı ilə bağlı dövlət proqramlarının həyata keçirildiyi son 11 ildə 2900 məktəb, 560 tibb ocağı tikilib və təmir olunub, regionlarda 41 olimpiya-idman kompleksi, o cümlədən 30 gənclər mərkəzi yaradılıb, məcburi köçkünlər üçün 84 qəsəbə salınıb, fərdi yaşayış evləri tikilib, 210 min məcburi köçkün yeni evlərə köçürülüb. Bu məqsədlər üçün 2,6 milyard dollar vəsait xərclənib: “Ölkəmizdə tarixi, mədəni və dini abidələr bərpa olunur. Bir xalq kimi biz öz tarixi köklərimizə hər zaman bağlı olmalıyıq və hər bir gənc bu ruhda tərbiyə almalıdır”.
Prezident İlham Əliyev deyib ki, son 11 il ərzində paytaxt Bakıda və bölgələrdə böyük infrastruktur layihələr həyata keçirilib: “Son 11 ildə ümumi gücü 2400 MVt olan 23 elektrik stansiyası tikilib, ölkədə 64 min müəssisə yaradılıb. İndi Azərbaycanda bütün şəhərlərdə qazlaşma 100 faiz səviyyəsindədir və hazırda bu işlər kənd yerlərində davam etdirilir. Ötən 11 ildə ölkədə 10 min km yol çəkilib, 340 körpü və tunel tikilib, bölgələrdə 4-ü beynəlxalq olmaqla, 6 aeroport inşa olunub. Son illər ölkədə içməli su layihələri də icra edilib, nəhəng meliorasiya tədbirləri həyata keçirilib”.
Dövlət başçısı Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, TANAP, Bakı-Tbilisi-Qars kimi nəhəng enerji və nəqliyyat layihələrinin Azərbaycanın gücünü daha da artırdığını vurğulayıb.
Ötən il iqtisadiyyatın 3 faiz, qeyri-neft sektorunun 7 faiz artdığını qeyd edən prezident İlham Əliyev qarşıda duran bütün planların həyata keçirilməsi üçün makroiqtisadi sabitliyin qorunub saxlanılmasının zəruri olduğunu diqqətə çatdırıb: “Görülən işlər zamanı israfçılığa yol verilməməlidir. İnvestisiya proqramına ancaq prioritet məsələlər salınıb. Bu il məktəbləri, səhiyyə ocaqları və zəruri infrastruktur layihələrin icrası davam etdiriləcək, iş yerlərinin yaradılması istiqamətində tədbirlər görüləcək. Eyni zamanda qeyri-neft sektorunun inkişafı, sahibkarlığa dəstək verilməsi də prioritet sahələr sırasındadır”.
Dövlət başçısı hər bir rayonda sənaye zonalarının yaradılması, ölkədə istehsal edilən məhsulların xarici bazarlara çıxışının təmin edilməsi, dünyadakı qabaqcıl təcrübələrin Azərbaycanda tətbiqi, eyni zamanda istifadəsiz torpaqlara nəzarət mexanizminin gücləndirilməsi, torpaqların elektron uçotunun aparılması barədə də tapşırıqlar verib. Ekoloji vəziyyət və turizmin inkişafından söz açan prezident İlham Əliyev korrupsiya və rüşvətxorluğa qarşı əldə olunan uğurları qeyd edib: “Vətəndaş-məmur münasibətlərində də Azərbaycan nümunəvi ölkə olmalıdır”.
Prezident İlham Əliyev Azərbaycanın bundan sonra da uğurla inkişaf edəcəyinə əminliyini bildirib.