Lamiyə Quliyeva uşağının atasının kimliyini açıqladı

"Onunla öz istəyimlə görüşdüm. Həmin şəxs uşağımın atasıdır"

Lamiyə Quliyevanın həbsxanada dünyaya gətirdiyi uşağın atasının kimliyi məlum olub. Lent.az-ın "Azadlıq" qəzetinə istinadən məlumatına görə, Lamiyə Quliyevanın vəkili Fəxrəddin Mehdiyev bidirib ki, 4 saylı Cəzaçəkmə Müəsissəsində cəza çəkən Lamiyə Quliyeva dünən ona zəng edərək bu fikirlərini ictimaiyyətə çatdırmağı xahiş edib:
"Jurnalistlərin, mətbuatın taleyimlə bağlı diqqətinə görə onlara təşəkkürümü bildirirəm. Lakin eyni zamanda mətbuatda və sosial şəbəkələrdə yer alan şayiələr, xüsusən də başıma gələn olayda keçmiş penitensiar xidməti əməkdaşının adının hallanması məni çox narahat edir və üzür. Çünki bu məlumatlar yalandır və şayiələrdir. Xahiş edirəm, bu mövzuda yazanlar nəzərə alsınlar ki, bu hər bir insana məxsus olan şəxsi, həssas məsələdir və analıq hissi ilə bağlıdır. Buna bu cür yanaşmalarını rica edirəm. Mənə qarşı zorakılıq olmayıb, könüllü seçimim olub. Dəfələrlə yazılan məlum hadisəyə görə mən 15 yaşımdan məhkumluq həyatı yaşayıram. Uzun illərdir azadlığa çıxacağım günləri həsrətlə saymışam. Lakin vaxt keçdikcə qərəzli açılan yeni-yeni cinayət işləri azadlığı məndən uzaqlaşdırıb. İki il bundan əvvəl mənə qarşı ücüncü dəfə açılan cinayət işinin (bundan əvvəl Lamiyə Quliyevanın məhkumluğu bir dəfə 5 il 6 ay artırılmışdı – red.), ittihamın qarşısını Xətai rayon Məhkəməsi bəraət hökmü ilə dayandırdı. Məhkəmənin bu dəfəki ədalətli qərarı məndə azadlığa çıxmaq ümidləri yaratdı. Lakin prokrorun apellyasiya şikayəti əsasında Bakı Apellyasiya məhkəməsi Xətai rayon Məhkəməsinin qərarını ləğv etdi və mənə daha 6 il 6 ay azadlıqdan mərhumetmə cəzası kəsdi. Apellyasiya məhkəməsinin bu qərarı mənim yaranan ümidlərimi, azadlıq arzularımı puç etdi. Mən ömrümün sonuna kimi həbslərdə çürüyəcəyimi anlayaraq, depresiyaya düşdüm və bu addımı atdım. Bu addım ümidsizlikdən yaranan bir addım idi.
Apellyasiya məhkəməsi ilə bağlı mən Bakı İstintaq Təcridxanasında saxlanılırdım və o zaman orada istintaqı aparılan, həbsdə saxlanılan bir şəxslə öz istəyimlə görüşdüm. Həmin şəxs uşağımın atasıdır. Mən Təhqiqat Şöbəsinin əməkdaşına bu şəxs barədə yazdığım ifadədə bildirmişəm, adını və soyadını da yazmışam. DNK test nümunələrini də təqdim etmişəm.

İndi mən məhbəsdə analıq ömrümü yaşayıram. Məhbəsdə analıq amansız taledir. Bundan sonra bu taleni uşaqla yaşamalıyam. Xahiş edirəm bütün bunlara görə məni qınamayın və mühakimə etməyin”.

Qeyd edək ki, L.Quliyeva Şəmkir rayonunun sabiq icra başçısı Aslan Aslanovun oğlu Ruslan Aslanovun qətli ilə əlqədar həbs edilib. 2003-cü ildə 15 yaşında həbs edilən L.Quliyevanın cəza müddəti 2013-cü ildə başa çatmalı olsa da, sonradan onun cəzaçəkmə müəssisəsində nəzarətçiyə qarşı kobudluq etməsi səbəbindən cəzası daha 5 il 6 ay artırılıb.
Şərhlər
Sosial bölməsinin xəbərləri