Nikolay Bordyuja: “Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində baş verən gərginliyə hərbi yolla reaksiya verməyimiz mümkün deyil”

“Dağlıq Qarabağ münaqişəsi yalnız sülh yolu ilə həll oluna bilər. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı 2014-cü il ərzində və bundan əvvəl də münaqişə zonasında baş verən gərginliklərlə bağlı dəfələrlə bəyanat yayıb. Həmin bəyanatlarda münaqişənin yalnız sülh yolu ilə həll olunmasına çağırışlar öz əksini tapıb”.

APA-nın verdiyi məlumata görə, bunu “Rossiya Seqodnya” agentliyində keçirdiyi brifinqdə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi Nikolay Bordyuja deyib.

Ermənistan jurnalistinin bu ilin yanvar ayında Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində baş verən gərginliklərə KTMT-nin niyə reaksiya verməməsi ilə bağlı sualını cavablandıran baş katib bildirib ki, həm 2014-cü ildə, həm də ondan əvvəlki illərdə münaqişə zonasında baş verən gərginliklərlə əlaqədar KTMT, o cümlədən Rusiya XİN tərəfindən bəyanatlar verilib: “Bu bəyanatlarda biz KTMT olaraq öz mövqeyimiz açıq bildirmişik. Siz istəyirsiniz ki, biz hərbi yolla reaksiya verək? Xeyir, bu, mümkün deyil və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Nizamnaməsinə ziddir. Dağlıq Qarabağ münaqişəsinin həlli ilə ATƏT-in Minsk Qrupu məşğul olur. Həmsədr ölkələr münaqişənin sülh yolu ilə həll olunmasına səy göstərirlər. O ki qaldı KTMT-yə, keçən il Rusiya təşkilata sədrlik edən ölkə olub. Ötən ilin avqust ayında Rusiya prezidenti Soçidə Azərbaycan və Ermənistan prezidentləri ilə görüşüb. Həmin görüşdə münaqişənin yalnız sülh yolu ilə həllinin vacibliyi vurğulanıb. Bu, həm də KTMT-yə daxil olan dövlətlərin mövqeyidir”.
Şərhlər
Siyasət bölməsinin xəbərləri