Ceyms Uorlik Kəlbəcərdə girov götürülmüş azərbaycanlıların qaytarılmasına çağırıb

“Biz aidiyyəti səlahiyyətli şəxsləri iki məhbusun Azərbaycan hökumətinə qaytarılmasına çağırırıq”.

Bu sözləri ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik Kəlbəcərdə girov götürülmüş Dilqəm Əsgərov və Şahbaz Quliyevin Xankəndidə keçirilmiş “məhkəmə”si barədə APA-ya açıqlamasında deyib.

Onun sözlərinə görə, bu kimi humanist addım tərəflər arasında etimadın yaradılmasına və gərginliyin azaldılmasına yardım edə bilər: “Həm keçmiş təcrübədə olduğu kimi, həm də Həştərxan Bəyannaməsinə uyğun olaraq tərəflər girovların qaytarılması istiqamətində razılığa gəliblər və biz ümid edirik ki, vəziyyətdən çıxış üçün eyni addımlar bu dəfə də atıla bilər”.

Qeyd edək ki, ötən ilin iyul ayında Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan əsgərləri tərəfindən girov götürülüblər. Digər Azərbaycan vətəndaşı Həsən Həsənov isə güllələnərək öldürülüb. H. Həsənovun meyiti düşməndən alınaraq Bakıda dəfn edilib.

Separatçı Dağlıq Qarabağ rejiminin “məhkəməsi” ötən il dekabrın 19-da D. Əsgərovun ömürlük, Ş. Quliyevin isə 22 il müddətinə azadlıq məhrum edilməsi barədə “hökm” çıxarıb.
Şərhlər
Siyasət bölməsinin xəbərləri