“Hurriyet Daily News”: Türkiyə-Ermənistan sərhədinin bağlanmasına görə kim məsuliyyət daşıyır?
- 06.02.2015, 12:27,
- Siyasət
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
“Türkiyənin daxilində və xaricində aparılan
kampaniyanın təşəbbüskarları sanki Türkiyəni hazırkı
vəziyyətə görə məsuliyyət daşıyan yeganə və əsas
iştirakçı kimi görür və Ermənistandan heç bir rəy
almadan Türkiyə-Ermənistan sərhədinin açılmasını
dəstəkləyirlər”.
APA-nın məlumatına görə, bu fikirlər Avrasiya
Araşdırmalar Mərkəzinin tədqiqatçısı, Ortadoğu Texniki
Universitetinin tarix kafedrasının əməkdaşı, fransız
Maksim Gauinin “Hurriyet Daily News”da dərc olunan
məqaləsində öz əksini tapıb.
“Türkiyə-Ermənistan sərhədinin bağlanmasına görə
kim məsuliyyət daşıyır?” başlıqlı məqalədə müəllif
bildirir ki, sərhədlərin bağlı qalmasının həqiqi
səbəblərini anlamaq üçün son zamanlar baş verən iki
hadisəyə diqqət çəkmək lazımdır: “Bu ay prezident
Rəcəb Tayyib Ərdoğan erməni həmkarını Çanaqqala
döyüşünün yüzilliyinə həsr olunan yubiley tədbirində
iştiraka dəvət etdi. Cənab Sarkisyan buna mənfi cavab
verdi. O, imtina etmək hüququna malik olsa da, cavab
məktubu sadə, lakin aqressiv idi: məktubda yalnız
ermənilərin əziyyət çəkdiyi vurğulanırdı. Ancaq heç kim
rus ordusunun erməni könüllüləri tərəfindən türklərin
böyük əksəriyyətinə qarşı törədilən cinayəti inkar edə
bilməz. 1915-1916-cı illərdə həmin cinayətlərdən aylar
öncə başlamış məcburi köçürmələr Rusiya zabitlərinin
şikayətləri və hətta Rusiya hərbi məhkəməsinin
qərarları ilə sübut olunub. Cənab Sarkisyan həmçinin
illər öncə Türkiyənin Ermənistan məsələsindəki ənənəvi
mövqeyini açıq şəkildə tənqid edən, çox mübahisəli
Sarkis Torosyanın aldadıcı memuarları kimi
arqumentlərdən istifadə etdi. Heç kim onu hörmətdən
salan əsassız xəbərlərdən istifadə olunaraq ciddiyə
alınacağını gözləyə bilməz”.
Maksim Gauin araşdırmaçı yazar Həsən Camalın İrəvana
səfərinə də diqqət çəkib: “Qondarma “erməni
soyqrımı”nı qəbul etməsinə baxmayaraq, Camala
tamaşaçılar tərəfindən hücum təşkil olunmuşdu. Çünki
o, çıxışında Orli və Əsənboğa hava limanlarına bomba
qoymuş “ASALA” terrorçularını pisləmiş və Azərbaycan
torpaqlarının Ermənistan tərəfindən işğal edildiyini
səsləndirmişdi. Tamaşaçılar təəccüblənmişdi.
Həqiqətən erməni tərcüməçisinin kitabının bu hissələri
Hrant Dink Fondunun tələbi ilə yayımlanmışdı. Hətta
diasporun qatı millətçiləri, Fransada “ASALA”nın sabiq
spikeri Jean Marc “aga” Toranyan belə Camala qarşı
hücuma cəsarət etmədi. Amma erməni millətçiləri bunu
etdilər. Əslində, bunun səbəbi çox sadədir. Demokratik
Qərb dövlətlərində millətçilər öz imiclərinin qayğısına
qalmaq məcburiyyətindədirlər”.
Maksim Qauin 1998-ci ildə sabiq prezident Levon Ter-
Petrosyanın Orli hücumunun əsas günahkarı olan
Varujan Qarabedyanın əfvi üçün Jak Şiraka müraciət
etdiyini xatırladıb: “Cənab Qarabedyan məhkəmə qərarı
ilə 2001-ci ildə azad ediləndən sonra baş nazir və İrəvan
şəhərinin meri tərəfindən milli qəhrəman kimi
qarşılandı. Əgər bir terrorçu hər hansı bir müsəlman
ölkəsində baş nazir tərəfindən belə qarşılansaydı,
dünyada buna necə reaksiya veriləcəyinizi
təsəvvürünüzə gətirin. Və yaxud digər bir məqam -
Ermənistanda hakimiyyətdə olan Respublikaçılar
Partiyası 1918-1920-ci illərdə azərbaycanlılara qarşı
etnik təmizləmə siyasətini icra edən və 1930-cu illərdə
“irqi-dini” nəzəriyyəsini irəli sürəndən sonra II Dünya
müharibəsinin əvvəlində Almaniyaya gədən və orada
1942-ci ildə Berlində qurulmuş Erməni Milli Şurasının
üzvü olan Qareqin Njdenin yazılarından ilham aldığını
iddia edir. 2013-cü ilin fevral ayında cənab Camala qarşı
hücumun baş verdiyi İrəvan Dövlət Universitetində
Njde də yada salındı. Hətta İrəvan şəhərinin bələdiyyə
məclisi ötən il bu nasistə yeni bir abidə ucaltmaq
qərarını açıqlamışdı. Armenianow.com erməni saytının
məlumatına əsasən, orada Bələdiyyə Məclisi də daxil
olmaqla, bütün müvafiq strukturlar heykəl üçün yer
ayrılmasına dair mübahisələr aparır. Başqa sözlə,
problemi birbaşa qoysaq, əgər bir cəmiyyətdə hərbi
cinayətkar olan bir nasistə heykəlin harada qoyulması
ilə bağlı açıq debat aparılırsa, onda bu cür cəmiyyət öz
qonşuları ilə sülh şəraitində yaşamağa hələ hazır deyil”.
Müəllif məqalənin sonunda Ermənistanın Türkiyə
qarşısında irəli sürdüyü tələblərin əsassız olduğunu
yazır: “Beləliklə, sizi xəbərdar edirik ki, türklərdən heç
bir ön şərt qoymadan sərhədləri açmaq, Ermənistan
Konstitusiyasına daxil olan ərazi iddiaları haqqında heç
bir şey deməmək, Türkiyənin əsas regional müttəfiqi
olan, ərazilərinin bir hissəsi Ermənistan tərəfindən işğal
olunmuş Azərbaycana hər hansı dəstəyi dayandırmaq,
antitürk terrorçuların, nasistlərin şərəfinə İrəvanda
bayram keçirilməsi ilə bağlı narahat olmamaq xahiş
edilib. Bu cür həll yolunu müdafiə edənlər bunun necə
sülhpərəst, demokratik və real olduğunu açıq izah edə
bilsəydilər, çox maraqlı olardı”.