“Neftçi”nin qapıçısı Azərbaycan Kubokunun final matçında qalmaqala səbəb olan hərəkətini şərh edib

“Neftçi” futbol komandasının qapıçısı Saşa Stamenkoviç “Xəzər Lənkəran”la Azərbaycan Kubokunun final matçında penalti zərbələri zamanı böyük qalmaqala səbəb olan hərəkətindən danışıb.

APA-nın verdiyi xəbərə görə, serbiyalı qolkiper açıqlamasında topu rəqib hücumçu Dimitrios Sialmasa tərəf atmasını ritual adlandırıb.

Onun fikrincə, belə oyunlarda hər bir futbolçu meydanda istədiyini edə bilər: “Mən bu insidentdə iştirak etmədim. Sadəcə, oyundan sonra “Xəzər Lənkəran”ın baş məşqçisi Con Toşak mənə yaxınlaşdı və dedi ki, sən idmançı deyilsən. Bu, sadəcə təxribat idi. Belə oyunlarda hər bir futbolçu nə istəsə, edə bilər. Yəni, hərənin öz ritualı olur. Mən də Dimitrios Sialmas penalti zərbəsini yerinə yetirdiyi vaxt topu ona tərəf atdım. Amma qarşı tərəf bunu böyük olaya çevirdi”.

Qeyd edək ki, “Neftçi”nin penaltilər seriyasında 5:3 hesabı ilə qalib gəldiyi görüşdən sonra “Xəzər Lənkəran”ın futbolçuları Kamran Abdullazadə və Radomir Todorov, eləcə də məşqçi Aleksis Plaza döyülüb.
Şərhlər
Hadisə bölməsinin xəbərləri