ABŞ-ın Azәrbaycandakı səfiri Robert Sekuta: “Ölkәlәrimiz arasında anlaşma vә qarşılıqlı hörmәti güclәndirib daha möhkәm әlaqәlәr qura bilәrik"

"Bu gün Bakıda olmağıma çox şadam. Tezliklә hәyat yoldaşım Ann xanım da Bakıya gәlәcәk vә biz Azәrbaycanda keçirәcәyimiz vaxtı sәbirsizliklә gözlәyirik".

APA-nın mәlumatına görә, bunu hava limanında jurnalistlәrә açıqlamasında Amerika Birlәşmiş Ştatlarının Azәrbaycana yeni tәyin olunmuş sәfiri Robert Sekuta deyib. O, xüsusilә, Azәrbaycan prezidenti İlham Әliyevә etimadnamәsini tәqdim etmәyi sәbirsizliklә gözlәdiyini deyib: "Prezident İlham Әliyev etimadnamәmi qәbul etdikdәn sonra ölkә boyu Azәrbaycan xalqı ilә görüşmәk istәyirәm. Xalqın fikirlәrini eşitmәk, iki ölkә arasında nәlәrin vacib olduğu haqda onların düşüncәlәrini bilmәk istәyirәm. Ölkәlәrimizi daha çox cәlb edәcәk fәaliyyәtlәr barәsindә dә onların fikrini öyrәnmәk istәyirәm. Әminәm ki, belә görüşlәr әsnasında ölkәlәrimiz arasında anlaşma vә qarşılıqlı hörmәti güclәndirib daha möhkәm әlaqәlәr qura bilәrik".

O hava limanında jurnalistlәrin onu qarşıladığı üçün tәşәkkür edib vә prezidentә etimadnamәsini tәqdim etdikdәn sonra yenә danışmaq imkanı olacağını qeyd edib.

Xatırladaq ki, yeni sәfir jurnalistlәrә açıqlamasını Azәrbaycan dilindә edib.
Şərhlər
Siyasət bölməsinin xəbərləri