Təhsil Nazirliyi TQDK sədrinin səsləndirdiyi fikirlərə cavab verib
- 13.02.2015, 00:40,
- Cəmiyyət
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Təhsil Nazirliyi qəbul imtahanlarında toplanan balların ümumtəhsil məktəblərində tətbiq edilən 5 ballıq sistemə (0-200 bal = “2”, 200-300 bal = “3”, 300-500 bal = “4”, 500-700 bal = “5”) uyğunlaşdırılması əmsalını düzgün hesab etməyib.
APA-nın xəbərinə görə, Təhsil Nazirliyi KİV-də təhsil sahəsi ilə bağlı yayılan məlumatlarla əlaqədar daxil olan sualları ümumiləşdirərək onları cavablandırıb.
“Qəbul imtahanlarında toplanan balların ümumtəhsil məktəblərində tətbiq edilən 5 ballıq sistemə (0-200 bal = “2”, 200-300 bal = “3”, 300-500 bal = “4”, 500-700 bal = “5”) uyğunlaşdırılması əmsalı doğrudurmu?” sualına cavabda qeyd olunub ki, “belə bir yanaşmanın elmi əsasları yoxdur. Bu cür müqayisənin hansı meyarlar əsasında aparılması da aydın deyil”.
“Son illər məktəb məzunlarının nəticələri yüksəlir yoxsa enir?” sualına Təhsil Nazirliyinin cavabında bildirilib ki, son 3 ildə ölkədəki ümumtəhsil məktəblərdəki ümumi orta və tam orta təhsil səviyyələri üzrə buraxılış imtahanları Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən keçirilir: “2012-ci ildə 9-cu sinfi bitirərək müvəffəqiyyət qazanmış (yəni, müsbət qiymət almış) məzunların sayı 50,27% idisə, 2013-cü ildə bu rəqəm 58,41%-ə, 2014-cü ildə 62,04%-ə yüksəlib. 2012-ci ildə 11-ci sinfi bitirərək müvəffəqiyyət qazanmış məzunların sayı 68,9% idisə, 2013-cü ildə onların sayı 72,14%-ə, 2014-cü ildə isə 74,11%-ə qədər artıb. Beləliklə, TQDK-nın verdiyi rəqəmlər ümumi təhsildə dinamikanın müsbətə doğru dəyişdiyini təsdiqləyir”.
Qəbul imtahanlarının nəticələrinin əvvəlcədən proqnozlaşdırılması mümkünlüyü ilə bağlı suala cavabda isə qeyd olunub ki, yuxarı siniflərdə davamlı surətdə aparılan sınaq imtahanlarının nəticələri belə proqnozların verilməsində bir mənbə kimi çıxış edə bilər.