"Angela Merkel-Fransua Oland tandemi Dağlıq Qarabağ tənzimlənməsini başa çatdıra bilər"

“Almaniyanın federal kansleri Angela Merkel və Fransanın prezidenti Fransua Olland Ukrayna tənzimlənməsində birdən-birə aktivləşdilər. Qısa müddət ərzində Kiyevdə və Moskvada görüşlər keçirdilər. Ukrayna probleminin həllində Avropanın 2 aparıcı dövlətinin aktivliyi ABŞ-ın narazılığına səbəb oldu. ABŞ Almaniya və Fransanı Ukrayna tənzimlənməsində transatlantik mövqedən uzaqlaşmaqda ittiham etdi”. Trend-in məlumatına görə, bu barədə Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru Mübariz Əhmədoğlu bu gün keçirdiyi mətbuat konfransında deyib.

Politoloq qeyd edib ki, ABŞ üçün Ukrayna məsələsində müharibə variantı da gündəlikdədir. Onun fikrincə, İraq, Əfqanıstan, Liviya xaraba vəziyyətə düşdükdən sonra daha əlavə bir dövlətin də ABŞ-ın iştirakı ilə xaraba vəziyyətə düşməsi ABŞ-da əlavə neqativ hislər yaratmayacaq:

“Amma Əfqanıstan, İraq, Liviya və s. dövlətlərdən fərqli olaraq, Ukrayna Avropa ərazisindədir. Ukraynadakı müharibə, sosial- iqtisadi problemlər hökmən Avropanın digər dövlətləri üçün də problem yaradacaqdır. Bu, ABŞ-ın vecinə deyil. Amma Almaniya və Fransa isə hadisələrin belə inkişaf perspektivindən qorxurlar. Ona görə, A.Merkel dərhal ABŞ-a səfər etdi. ABŞ-ın vitse- prezidenti və dövlət katibi ilə Münhendə razılaşdıra bilmədiyi məsələni prezident Barak Obama ilə müzakirə etdi. Almaniyanın federal kansleri A.Merkelin cəsarəti, qətiyyəti və enerjisi ortalıdadır. Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi də məhz belə adam tələb edir. A.Merkel-F.Olland tandemi Dağlıq Qarabağ tənzimlənməsində yeni keyfiyyət vəziyyəti yarada bilər”.

Politoloqun sözlərinə görə, Ukrayna münaqişəsi kimi Dağlıq Qarabağ münaqişəsi də Avropadadır. M.Əhmədoğlu vurğulayıb ki, Almaniya Ukrayna münaqişəsində öz vasitəçilik rolunu ortalığa qoyduğu dövrdə Dağlıq Qarabağ tənzimlənməsində də vasitəçilik etməyə razılıq verdi:

“Almaniya “Azərbaycan və Ermənistan prezidentlərin Paris görüşü ərəfəsində xarici işlər naziri F.V.Ştaynmayeri Dağlıq Qarabağ münaqişəsi regionuna göndərməklə Fransanın təşəbbüsünə dəstək verdi.

Almaniya və Fransa Ukraynanın ərazi bütövlüyü ilə yanaşı, Azərbaycanın da ərazi bütövlüyünü dəstəkləyirlər. Bu, Almaniyanın son dövrdəki mövqeyində daha qabarıq şəkildə görünür. A.Merkel-F.Oland tandeminin Ukraynadakı sülhyaratma missiyasının uğurla nəticələndi. Bu 2 liderin fəaliyyəti Ukrayna probleminin həllində lazımınca qiymətləndirilməlidir. Ukrayna geosiyasi burulğandadır. Ukraynanın başında duranlar üçün Rusiyadan intiqam almaq öz dövlətçiliyini qorumaqdan daha prioritetdir. Eləcə də, ABŞ Ukraynada Rusiyaya uduzacağı təqdirdə Rusiya üzərində qələbə çalmaq üçün daha heç bir məsələ yarada bilməyəcək”.

Politoloq əlavə edib ki, A.Merkellə F.Ollandın enerjisi “Ukrayna qazanını” söndürməyə kifayət edibsə, bu, Dağlıq Qarabağ münaqişəsini həll etmək üçün çox bəsdir: “Dağlıq Qarabağ tənzimlənməsində ortada hazır sənəd var: ATƏT MQ həmsədr ölkə prezidentlərinin İtaliyanın Akvil şəhərində 2009-cu ilin iyulun 10-da imzaladığı sənəd ABŞ prezidentinin mətbuat xidməti tərəfindən “Madrid Prinsiplərinin Yenilənmiş Variantı” adı ilə yayıldı. Bu sənədi instisionallaşdırmaqla onun sülh müqaviləsi formasına salmaq mümkündür. Beləliklə, A.Merkel və F.Olland daha az vaxt sərf etməklə Yenilənmiş Madrid Prinsiplərinin implementasiyasına nail ola bilərlər. Görüş yeri mühüm müzakirə tələb edən məsələ olmamalıdır. A.Merkel-F.Olland tandemi Moskvaya səfəri də özləri müəyyənləşdirməlidirlər. Amma belə görüş üçün ən ideal variant Ermənistan-Azərbaycan sərhədində təşkil edilmiş xüsusi yerdir. Qısa müddət ərzində sərhəddə yarısı Ermənistanın yarısı Azərbaycanın ərazisində olan bina tikmək mümkündür. Bu binanın adını elə hər iki ölkə başçısının adına “Sülh evi” adlandırıb gələcəkdə də saxlamaq olar. A.Merkel və F.Olland Minsk qrupunun digər üzvlərini də bu Sülh evinə toplamaqla Yenilənmiş Madrid prinsipləri əsasında hazırlanmış sülh müqaviləsini Azərbaycan və Ermənistana qəbul etdirir, dərhal Minsk qrupunun iclası keçirilir və Dağlıq Qarabağın statusu da müəyyənləşir. Bununla da, Dağlıq Qarabağ münaqişəsi regionuna aid Azərbaycan və Ermənistanda fərqli siyasi və iqtisadi proseslərin bünövrəsi qoyulur. Ermənistan bütün iqtisadi problemlərindən xilas yolunu tapa bilir”.

M.Əhmədoğlu əlavə edib ki, bundestaqın deputatları Ukrayna probleminin həllində sülhyaratma fəaliyyətinə görə A.Merkelə Nobel Sülh Mükafatı verilməsi təşəbbüsünü irəli sürdülər. Onun fikrincə, Dağlıq Qarabağ tənzimlənməsində də uğur əldə edilməsi A.Merkelin Nobel Sülh Mükafatı alması şansını dəfələrlə artırır.
Şərhlər
Siyasət bölməsinin xəbərləri