Hidrometeoroloji Proqnozlar Bürosu: Lənkəran-Astara bölgəsinə 73 sm qalınlığında qar düşüb

"Əvvəldən də xəbər verildiyi kimi, fevralın 21-i gündüzdən 22-si səhərədək ölkə ərazisində hava şəraiti kəskin dəyişib, yağıntılı olub, sulu qar, qar yağıb”.

Bunu APA-ya açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev deyib.

A. Verdiyev bildirib ki, yağıntılar Abşeron yarımadasının bəzi yerlərində intensiv, Lənkəran-Astara zonası və mərkəzi Aranın bəzi rayonlarında güclü olub.

Ölkə ərazisində güclü şimal-qərb küləyi əsib.

Ən çox qar örtüyü Lənkəran-Astara bölgəsində qeydə alınıb. Belə ki, bu bölgədə qarın maksimal hündürlüyü 73 sm olub.

Bundan əlavə, Salyanda 39 sm, Altıağacda 32 sm, Biləsuvarda 30 sm, Sarıbaşda 25 sm, Qubanın bəzi dağlıq ərazilərində isə 35-40 sm qalınlığında qar örtüyü qeydə alınıb.

Bakıda və Abşeron yarımadasında qarın hündürlüyü 4-9 sm olub.
Şərhlər
Sosial bölməsinin xəbərləri