Dilçi alimlər Azərbaycan dilinin yeni qrammatikasını yazdılar
- 27.02.2015, 00:56,
- Cəmiyyət
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Azərbaycan alimləri ilk dəfə olaraq Azərbaycan dilinin funksional qrammatikasını yazıblar.
Azərbaycan Milli Elmlər Akademiyası Dilçilik İnstitutunun Müasir Azərbaycan dili şöbəsinin müdiri, alim, yeni qrammatikanın müəlliflərindən biri olan İsmayıl Kazımov Trend-ə bildirib ki, “Azərbaycan dilinin funksional qrammatikası” artıq 4 cildli kitab şəklində çap olunub.
Alimin sözlərinə görə, hazırkı qrammatikalar normativ qrammatikalar adlanır və adi, təsviri qrammatika hesab edilir. Amma dilin funksional qrammatikasında dil vahidlərinin funksional, semantik xüsusiyyətləri öyrənilir: “Dildə 15-ə yaxın funksiya var. Funksional qrammatika da nəzəri qrammatikadır, qrammatikanın bir növüdür. Bu qrammatika dil vahidlərinin hansı vəzifələri, hansı funksiyaları yerinə yetirdiklərini müəyyən edir. Funksional qrammatika qrammatikanın bir növü kimi öyrənilməlidir. Bu, türk dillərində öyrənilməyib. Dilçi alim Fəxrəddin Veysəllinin təşəbbüsü ilə yazılan bu qrammatikanı Azərbaycan dilçiliyində yeni bir istiqamət də saymaq olar”.
Qrammatikanın yazılmasında bir çox müəlliflərin iştirak etdiyini deyən İ.Kazımov qeyd edib ki, rus və ingilis dillərinin funksional qrammatikası olsa da, indiyədək Azərbaycan dilinin funksional qrammatikası yox idi.
İnstitutun şöbə müdirinin sözlərinə görə, ali məktəblərdə magistratura səviyyəsi üzrə təhsil alan tələbələr funksional qrammatikanı bir qədər yaxşı başa düşmürlər: "Ona görə də bu qrammatikanın həm bakalavr, həm də magistratura səviyyələrində tədris edilməsi yaxşı olar".