Nazirlik: Bina tikiləndən altı ay sonra MTK ləğv olunmalı, onun səlahiyyətləri sakinlərə verilməlidir

"Bina tikilib, təhvil veriləndən altı ay sonra Mənzil-Tikinti Kooperativləri (MTK) ləğv olunmalıdır".

Bunu APA-ya İqtisadiyyat və Sənaye Nazirliyinin mənzil-kommunal siyasəti şöbəsinin müdiri Nizami Qasımov bildirib.

"Qanunvericiliyə əsasən, bütün xidmət haqlarının formalaşmasında sakinlər, o cümlədən MTK-ların sakinləri birbaşa iştirak etməlidirlər. Qeyd edim ki, bina tikilib, təhvil verildikdən sonra 6 ay sonra mənzil-tikinti kooperativləri ləğv olunmalıdır və onun hüquqları verilməlidir sakinlərə, yəni mənzil mülkiyyətçilərinə. Başqa sözlə, Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti (MMMC) yaradılmalıdır. Sakinlər isə idarəetməni (İdarə Heyəti və struktur təsdiqlənməli), göstəriləcək xidmətləri, xidmətlər üzrə haqları və digər məsələləri formalaşdırmalıdırlar. Beləcə, əsassız yığımların qarşısı alınır", - deyə N. Qasımov bildirib.

Şöbə müdiri deyib ki, müvafiq qanunvericiliyə əsasən, binalarda göstərilən xidmətlərə görə yığılan haqlara sakinlər nəzarət etməlidir və "hər şey onlar iradəsindən asılıdır, çünki qanun onlara geniş imkanlar verib".

"Beynəlxalq praktikada da göstərilib ki, sakinlər bu məsələdə aktiv iştirak etməlidir. Çünki bu, onun şəxsi mülkiyyətidir", - deyə N. Qasımov izah edib.

Nazirlik rəsmisi əlavə edib ki, sakinlər MMMC yaratdığı halda "Mənzil-İstismar Sahələrinə heç bir ehtiyac qalmır, MMMC-lər yaradılmırsa, sakinlər əvvəlki qaydada Mənzil-İstismar Sahələri ilə işləməlidir".

Hazırda 7 MMMC dövlət qeydiyyatından keçib ki, onlardan 3-ü yeni tikililəri əhatə edir.
Şərhlər
Sosial bölməsinin xəbərləri