Azərbaycan Prezidenti İlham Əliyevin "Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubileyinin keçirilməsi haqqında" sərəncamına əsasən Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə görkəmli ictimai-siyasi və dövlət xadimi, istedadlı alim, jurnalist və publisist Məhəmməd Əmin Rəsulzadənin əsərlərindən ibarət 5 cildlik işıq üzü görüb.
Nazirlikdən Trend-ə verilən məlumata görə, əsərləri professor Şirməmməd Hüseynov araşdırıb toplamış, ərəb əlifbasından latın əlifbasına çevirmiş və lüğəti tərtib etmişdir.
I cildə M.Ə.Rəsulzadənin 1903-1909-cu illərdə "Şərqi-Rus", "Hümmət", "Dəvət", "İrşad", "Təkamül", "Yoldaş", "Tərəqqi" qəzetlərində, "Füyuzat", "Volna" jurnallarında çıxan 280-ə yaxın yazısı daxil edilib.
II cilddə görkəmli xadimin 1909-1914-cü illərdə Tehran, İstanbul və Bakıda qələmə aldığı, dövri mətbuatda və ayrıca kitabça halında dərc olunmuş 140-a yaxın əsəri toplanıb.
III cilddə görkəmli şəxsiyyətin 1915-1916-cı illərdə qələmə aldığı, dövri mətbuatda yayınlanmış 200-ə yaxın əsəri yer alıb.
IV cildə M.Ə.Rəsulzadənin 1917-ci ilin yanvarından 1918-ci ilin aprelinə qədərki mürəkkəb və gərgin, işıqlı və faciəli dövrdəki yazıları, qurultay, yığıncaq və mitinqlərdəki nitq və çıxışlarının, məruzələrinin mətbuatda dərc olunmuş mətnləri daxil edilib.
V cilddə M.Ə.Rəsulzadənin 1918-ci il fevral - 1920-ci il aprel aylarında mətbuatda və rəsmi sənədlərdə yayınlanmış 100-dən artıq əsəri toplanıb.
Hər cild 500 nüsxə tirajla "Təhsil" nəşriyyatında çap olunub, nazirliyin tabeliyində olan kütləvi kitabxanalar və digər aidiyyəti qurumlar arasında bölüşdürüləcək. Həmçinin tezliklə kitabı nazirliyin www.bakubookfair.com saytında "Elektron kitabxana" bölməsində də oxumaq mümkün olacaq.