Bavariya” və PSJ Çempionlar Liqasının 1/4 finalına yüksəlib

Çempionlar Liqasının 1/8 final mərhələsinin növbəti cavab oyunları baş tutub.

APA-nın məlumatına görə, azarkeşlər İngiltərə və Almaniyada keçirilən maraqlı görüşlərə şahidlik edib.

Belə ki, “Çelsi” doğma divarlar arasında PSJ ilə üz-üzə gəlib. Parisdə keçirilən ilk oyunda komandalar hərəyə 1 dəfə fərqlənsələr də, bundan başqasına gücləri çatmayıb. Cütün taleyinə Londonda aydınlıq gəlib. 90 dəqiqə ərzində tərəflər yenə hərəyə 1 top vurmağı bacarıb. Matça əlavə edilə yarım saatda da komandalar növbəti dəfə mərkəzdən başlamağa məcbur olub. Əvvəlcə 96-cı dəqiqədə Eden Azard “zadəganlar”ı penaltidən vurduğu qolla önə çıxarıb. Lakin Paris klubunun kapitanı Tiaqo Silva 114-cü dəqiqədə hesabı bərabərləşdirib. Oyunda bundan başqa qol olmayıb və PSJ səfərdə vurduğu 2 topa görə 1/4 finala yüksəlib.

Digər matçda “Bavariya” Donetsk “Şaxtyor”unu sınağa çəkib. Lvovda reallaşan ilk qarşılaşmada qapılara qol vurulmayıb. Görüşün favoriti Münhen klubu olsa da, Ukrayna təmsilçisinin belə asan təslim olacağını heç kəs gözləmirdi. Xosep Qvardiolanın yetirmələri rəqibinə divan tutub. Qarşılaşmada “Bavariya” 7:0 hesabı ilə “Şaxtyor”u darmadığın edib.

Beləliklə, ötən gün “Real” və “Porto”nun ardınca “Bavariya” ilə PSJ də 1/4 finala vəsiqə qazanıb.

Çempionlar Liqası
1/8 final, cavab oyunları
11 mart
“Çelsi” (İngiltərə) - PSJ (Fransa) - 2:2
Qollar Kehill, 81, Azard, 96-pen - Luis, 86, Silva, 114
İlk oyun: 1:1

“Bavariya” (Almaniya) – “Şaxtyor” (Ukrayna) - 7:0
Qollar: Müller, 4-pen; 52, Boatenq, 34, Riberi, 49, Badstuber, 63, Levandovski, 75, Götze, 88
İlk oyun: 0:0
Şərhlər
İdman bölməsinin xəbərləri