Zeynəb Xanlarovanın Nyu-York konserti anşlaqla keçib
- 16.03.2015, 16:11,
- Mədəniyyət
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Azərbaycanın və SSRİ-nin xalq artisti Zeynəb Xanlarova Novruz bayramı münasibətilə ABŞ-nın Nyu-York şəhərində konsert proqramı ilə çıxış edib.
Diasporla İş üzrə Dövlət Komitəsindən APA-ya verilən məlumata görə, komitənin dəstəyi ilə təşkil olunmuş proqram Nyu-Yorkun Bruklin səmtindəki “Master Theatre” adlı konsert kompleksində baş tutub.
Konsert Azərbaycanın dövlət himninin səsləndirilməsi ilə başlayıb. “Xoş gördük, əzizlərim” adlı proqramda xalq artisti Zeynəb Xanlarova on nəfərlik ansamblının müşayiəti ilə repertuarındakı ən sevilən mahnıları - “Xoş gördük”, Doğmasan mənə”, “Anacan”, “Niyə yox deyirsən”, “Azərbaycan maralı”, “Olmaz, olmaz”, “Qadan mən alım”, “Gül yanaqlım”ı ifa edib.
Tədbirdə çıxış edən Bruklin rayonunun rəhbəri Erik L.Adams Novruz bayramı münasibətilə azərbaycanlıları təbrik edib. Daha sonra Zeynəb Xanlarova haqqında fikirlərini bölüşən Erik L.Adams onun Azərbaycan mədəniyyətinin, muğamın təbliğinə verdiyi töhfələri, 50 ilə yaxın Azərbaycan Opera və Balet teatrındakı fəaliyyətini, müxtəlif dillərdə mahnılar ifa edərək xalqlar arasında mədəni əlaqələrin inkişafındakı xidmətlərini yüksək qiymətləndirib. Bruklin rayonunun rəhbəri bu xidmətlərinə görə Azərbaycanın xalq artisti Zeynəb Xanlarovanı Bruklinin xüsusi mükafatı ilə təltif edib.
Nyu-Yorkda Qafqaz Yəhudilərinin Mərkəzi Cəmiyyəti, eyni zamanda bir sıra Azərbaycan diaspor təşkilatları da Azərbaycan mədəniyyətinin təbliğində və mədəniyyətlərin birləşməsində göstərdiyi xidmətlərinə görə Zeynəb Xanlarovaya mükafat və diplomlar təqdim edib.
Konserti izləyən tamaşaçılar arasında ABŞ-ın bir sıra şəhərlərindən gəlmiş azərbaycanlı, türk, yəhudi və digər xalqların nümayəndələri olub. İki saat yarım davam edən konsert Zeynəb Xanlarovanın “Birlik” mahnısı ilə başa çatıb.