Mərkəzi Bank: İlin sonuna kimi manatın məzənnəsində ciddi dəyişikliyin olması gözlənilmir
- 17.03.2015, 22:24,
- Iqtisadiyyat / Vacib
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Bu ilin sonuna kimi manatın məzənnəsində ciddi dəyişikliyin olması gözlənilmir.
APA-nin məlumatına görə, bu barədə Milli Məclisdə Nazirlər Kabinetinin 2014-cü ildəki fəaliyyəti ilə bağlı hesabatın müzakirəsi zamanı Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin sədri Elman Rüstəmov deyib.
E. Rüstəmov qeyd edib ki, “bu məsələ daha çox neftin qiymətlərinə bağlı olan məsələdir”.
"Xarici mühitdə baş verən hadisələr manata təsirsiz ötüşmədi. Əslində anlamaq lazımdır ki, devalvasiyaya, korreksiyaya uğrayan manat/dollar deyil, neftin qiymətidir. Manatın avroya qarşı kəskin möhkəmlənməsindən sonra biz bivalyuta səbətinə keçdik. Təbii ki, bu proses məzənnəyə müəyyən çeviklik gətirdi və bu, bazarda hiss olunmağa başladı. Biz böyük bir ajiotajın şahidi olduq. Son dövrlər biz ajiotajı yatırtmaq üçün gündə 500 milyon dollara yaxın vəsait sərf edirdik. Valyuta ehtiyatlarımızın 10 milyard dollardan bir artıq olduğunu nəzərə alaraq, özünüz (millət vəkilləri - red.) hesablaya bilərsiniz ki, ajiotajı yatırtmaq nə vaxta qədər davam edəcəkdi. Bu, məsələnin bir tərəfidir. Hesablamalarımız göstərdi ki, belə bir dollarlaşma tempində təxminən manat kütləsinin 70%-i dollara çevrilə bilər. Bu iki səbəb ona gətirə bilərdi ki, manatın məzənnəsi üzərində olan nəzarəti itirə bilərdik. Bu cür şəraitdə manatın məzənnəsinin korreksiyası haqqında qərar qəbul olundu. Hesab edirəm ki, bu qərar ölkənin köklü strateji maraqlarına xidmət edir. Bu qərar qəbul olunmasa idi, bir müddət sonra daha kəskin devalvasiyaya getməli olacaqdıq", - deyə E. Rüstəmov bildirib.
Baş bankir qeyd edib ki, devalvasiyanın aparılması ilə bağlı qəbul olunan qərar makroiqtisadi sabitliyin, o cümlədən iqtisadiyyatın şaxələndirilməsi baxımından olduqca vacibdir.