Türkiyənin məşhur sənətçisi Kayahan vəfat edib

Türkiyənin məşhur sənətçisi, müğənni və bəstəkar Kayahan Açar 66 yaşında vəfat edib.

APA-nın xəbərinə görə, xərçəng xəstəliyindən əziyyət çəkən Kayahanın ölüm xəbərini ilk olaraq sənətçi Suat Suna “Twitter”dən verib. “Bu gün qara bir gün. Mən ikinci atamı itirdim, Türkiyə isə böyük ustasını... Rahat uyu, Kayahan abi. Unudulmayacaqsan...”, - deyə o, yazıb.

K. Açar 1949-cu ildə İzmirdə doğulub. Populyar müğənni Nilüfərə verdiyi bəstələrlə sənət aləmində tanınmağa başlayıb. “Əsmər günlər”, “Kar tanələri”, “Gecələr” adlı mahnıları onu Türkiyəyə tanıdıb. 1991-ci ildə buraxdığı “Yəmin etdim” adlı albomla məşhurlaşıb. 1992-ci ildə “Odalarda işıqsızım”, 1993-cü ildə “Son şarkılarım”, 1995-ci ildə məşhur “Allahım, nə idi günahım” mahnısının da daxil olduğu “Mənim pəncərəmdən”, 1996-cı ildə “Canımın yarpaqları”, 1997-ci ildə “Əmrin olur”, 1999-cu ildə “Məni azad et”, 2000-ci ildə “Könül səhifəm” adlı növbəti albomlarını çıxarıb. 2002-ci ilin dekabrında buraxdığı “Nə oldu, can” albomundakı “Bir aşk hekayəsi”, “Onsuz olmuyor”, “Nə oldu, can” adlı mahnılar böyük populyarlıq qazanıb. Yaradıcılığı boyunca ölkə daxili və xaricində çoxlu sayda konsert verib, mükafatlar alıb. 1992-ci ildə 29 oktyabr – Cümhuriyyət bayramı münasibətilə Ankaranın Qızıl Ay meydanında keçirdiyi konsertdə 160 mindən çox insan iştirak edib.

Kayahan son olaraq bu il fevralın 14-də Sevgililər Günü münasibətilə Nilüfərlə birlikdə konsert vermişdi.
Şərhlər
Şou-biznes bölməsinin xəbərləri